Xalid Kərimli: “Ortada hər hansı bir problem, qanunsuzluq varsa Mərkəzi Bank bunun həll olunmasının vacibliyini deyir”
Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda korporativ idarəetmə qaydalarının pozulması ilə bağlı “Azərbaycan Sənaye Sığorta” ASC və “Qala-Həyat” Sığorta Şirkəti ASC-yə icrası məcburi göstəriş verib.
Mərkəzi Bankın yaydığı məlumatda qeyd edilir ki, hər iki şirkətdə “Sığortaçılarda korporativ idarəetmə Standartları”na əməl olunmaması faktları müəyyən edilib. Bu səbəbdən Mərkəzi Bank “Sığorta fəaliyyəti haqqında” Qanunun 102-ci maddəsinə əsaslanaraq sığortaçıların pozuntuları aradan qaldırması üçün məcburi göstəriş verib. Qanunun həmin maddəsi tənzimləyici quruma pozuntuların aradan qaldırılması, risqlərin məhdudlaşdırılması və zəruri hallarda rəhbər heyətə dair tələblər müəyyən etmək səlahiyyəti verir.
Məlum qərar sığorta şirkətlərinin müştəriləri arasında narahatlıq yaradıb. Maraqlıdır, korporativ idarəetmə pozuntuları və Mərkəzi Bankın göstərişi vətəndaşların sığorta müqavilələri üzrə hüquqlarına təsir göstərə bilərmi? Ümumiyyətlə, bu məsələdə vətəndaşların hüquqları pozulubmu?
“Bu cür tapşırıqlar, inzibati tədbirlərin görülməsi sığorta təşkilatı ilə vətəndaşlar arasında münasibətlərə heç bir təsir etməyəcək”
Iqtisadçı Xalid Kərimli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu cür tapşırıqlar, inzibati tədbirlərin görülməsi sığorta təşkilatı ilə vətəndaşlar arasında münasibətlərə heç bir təsir etməyəcək: “Bu cür hallar zamanla olub, Mərkəzi Bank regulyatordur və qaydaların pozulması ilə bağlı icrası məcburi tapşırıq verməlidir. Bu qanuni prosesdir. Vətəndaşlar qeyd edilən Azərbaycan Sənaye Sığorta” ASC və “Qala-Həyat” Sığorta Şirkəti ASC-nin maliyyə göstəricilərindən narahatdırsa, onların hesabatlarına baxıb yenidən qərar verə bilər. Ancaq nəzərə almaq lazımdır ki, maliyyə sektoru kifayət qədər şəffafdır. Mərkəzi Bank da həmin təşkilatın işçilərinə öz işinə məsuliyyətli olmağı tapşırır. Bu cür hallar mümkündür, vətəndaşlar narahat olmamalıdır. Ortada hər hansı bir problem, qanunsuzluq varsa Mərkəzi Bank bunun həll olunmasının vacibliyini deyir. Təşkilatlar da həmin göstərişə əməl etməlidir”.
Günel CƏLİLOVA