Son zamanlar Azərbaycanda benzinin bahalaşacağı ilə bağlı xəbərlər yayılıb. 2026-cı ildə benzinin qiymətinin yüksələcəyi ehtimal olunur. Buna səbəb kimi həm qlobal enerji bazarındakı dəyişikliklər, həm də yerli istehsal xərcləri göstərilir.
Bu qərar fonunda ölkə ərazisində benzinin bahalaşacağı barədə söyləntilər daha da aktuallaşıb.
Onu da qeyd edək ki, dünya bazarında neftin qiyməti bahalaşıb. Neftin qiyməti artdıqda, dizel və benzinin qiyməti adətən necə dəyişir?
Ümumiyyətlə, yeni ildən benzinin qiyməti bahalaşa bilərmi? Bu iddialar nə dərəcədə doğrudur?
İlham Şaban: “Azərbaycanda daxili bazarda istehsal olunan və satılan məhsul qiymətlərini dövlət tənzimləyir, yəni təyin edir”
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban “Bakı-Xəbər”ə şərhində bildirdi ki, 2026-cı ildə bütün proqnozlara əsasən, dünyada xammal, yəni neft builkinə nisbətdə ucuzlaşmağa doğru gedəcək: “Azərbaycanda isə daxili bazarda istehsal olunan və satılan məhsul qiymətlərini dövlət tənzimləyir, yəni təyin edir. Bu, Tarif Şurasının müvafiq qərarları ilə reallaşır. Tarif Şurasının qərarlarını proqnozlaşdırmaq isə, öz təcrübəmdən çıxış etsəm, faktiki olaraq mümkünsüzdür”.
Pərviz Heydərov: “Benzinin qiymətinin artacağı gözləniləndir”
Iqtisadçı Pərviz Heydərov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, gələn il enerji daşıyıcılarının qiymətində hər hansı bir dəyişiklik olacağını demək düzgün deyil: “Enerji daşıyıcılarının qiyməti qalxarsa, bu, əhalinin sosial vəziyyətində müəyyən problemlərə səbəb olar. Gələn il olmasa da, qarşıdakı illərdə cuzi artımların olması qaçılmazdır. Ümumiyyətlə, benzinin qiymətinin artacağı gözləniləndir. Məlumdur ki, ölkədə benzinə tələbat ildən-ilə, aydan-aya artır. Yerli istehsal imkanlarımız isə baha başa gəlir, həm də istehsal həcmi hazırki dinamika ilə uyğunlaşmır”.
Günel CƏLİLOVA