İslamabadda Baş nazir Şahbaz Şərifin Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşü olub. Görüşdə Pakistan və Azərbaycan ikitərəfli ticarət və investisiya əməkdaşlığını müzakirə edib. Pakistan Nazirlər Kabinetinin mətbuat xidmətinin açıqlamasında deyilir ki, Ş.Şərif görüşdə Pakistanın Azərbaycanla birgə paritet əsasda investisiya şirkətinin yaradılması təklifini yenidən təsdiqləyib. Baş nazir, həmçinin Azərbaycan Dövlət Neft Şirkətini (SOCAR) Pakistanın neft və qaz sektorunda əlverişli investisiya imkanlarından istifadə etməyə çağırıb. Ş.Şərif Transxəzər nəqliyyat dəhlizinin inkişafında Azərbaycanın rolunu da yüksək qiymətləndirib. O, həmçinin regional enerji dinamikasını dəyişdirmək və vacib bazarlarda qarşılıqlı əlaqəni gücləndirmək məqsədi daşıyan "Ağ neft kəməri" layihəsinə Azərbaycanın strateji marağını alqışlayıb. Məlumata görə, Mikayıl Cabbarov öz növbəsində neft və mineral ehtiyatlar, südlük istiqamətli heyvandarlıq, infrastruktur sahələrində investisiya və əməkdaşlıq imkanlarını qeyd edib və 2025-2028-ci illər üçün ticarət, iqtisadiyyat, sənaye və investisiya sahəsində əməkdaşlıq üzrə Yol xəritəsinin hazırlanmasının tamamlanmasının vacibliyini vurğulayıb.
Mətləb Salahov