Akif Nəsirli: “Bank vətəndaşlara öz vəsaitini limitlə güzəşt edirsə, burada müəyyən məhdudiyyət ola bilər, amma…”
Banklarla bağlı müxtəlif şikayətlər səslənir. “Müştəriyəm şikayətim var” qrupunda Elmir Allahverdi yazaraq qeyd edib ki, “Unibank”ın hesabında 10 min manat pulu var, lakin nağdlaşdıra bilmir.
Bankdan ona bildiriliblər ki, yalnız 2000 manat komissiyasız nağdlaşdıra bilər: “Balansda 10.000 pul var, bank deyir bu ay komissiyasız yalnız 2.000 AZN götürə bilərsən (filialın kassasından, ATM-dən fərq etmir). Bildiyiniz pulu girov götürüblər. Komediya bu qədər”.
Maraqlıdır, şəxs niyə pulunu nağdlaşdıra bilmir? Bu nə dərəcədə düzgündür?
“Bəzən bank filiallarında fiziki olaraq kifayət qədər nağd vəsait olmur, bu halda bank pulu gecikdirə bilər, ancaq tam şəkildə verməkdən imtina etmək hüququ yoxdur”
Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, banklarla bağlı şikayətlərin artması təsadüfi deyil və “Unibank”la bağlı deyilən son hadisə də göstərir ki, insanlar bəzən hesablarındakı pulu tam şəkildə nağd əldə edə bilmirlər: “Burada iki fərqli vəziyyət mümkündür və onları bir-birindən ayırmaq vacibdir. Birincisi, bankların kart hesabları üzrə aylıq komissiyasız nağdlaşdırma limitləri olur. Bu, xüsusilə kartdakı pulu bankın kassasından çıxarmaq istəyən müştərilərə aiddir. Bir çox bank yalnız müəyyən məbləği komissiyasız verir, qalan hissəni isə komissiya ilə nağdlaşdıra bilər. Bu, bankın tariflərində yazılıbsa, hüquqi baxımdan qanunidir. Bəzi müştərilər isə bunu yanlışlıqla “pulu vermirlər” kimi başa düşür, əslində isə bank pulu verir, sadəcə müəyyən məbləğdən yuxarı komissiya tətbiq edir. Amma əslində bu qayda bankın öz vesaitlərinə tətbiq edilə bilər. Yəni bank vətəndaşlara öz vəsaitini limitlə güzəşt edirsə, burada müəyyən məhdudiyyət ola bilər. Amma vətəndaşın bankda olan vəsaitinə limit yalnız müştəri ilə bank arasında bağlanan müqavilədə nəzərdə tutulubsa tətbiq edilə bilər.
Bir məqamı da qeyd edim ki, vətəndaşlar banka pul qoyarkən bağlanan müqaviləni formal qəbul etməməlidir, özü və ya hüquqşünası (hüquqşünas oxusa daha yaxşıdı) bu müqaviləni oxuyub aydın başa düşməlidir, təhlil etməlidir ki, bu şərtlər ona sərfəlidir, ya yox.
İkinci vəziyyət isə daha ciddi problemdir. Əgər bank müştəriyə komissiya ilə belə pul vermirsə, “yalnız 2000 manat verə bilərik, qalanı mümkün deyil” deysə, bu artıq qanuna ziddir. Bank müştərinin hesabında olan pulu tam şəkildə təqdim etməyə borcludur. Bəzən bank filiallarında fiziki olaraq kifayət qədər nağd vəsait olmur, bu halda bank pulu gecikdirə bilər, ancaq tam şəkildə verməkdən imtina etmək hüququ yoxdur. Maksimum bir neçə gün vaxt təyin edib, vəsaiti təqdim etməlidir.
Praktikada müştəri belə hallarla üzləşdikdə, ən doğrusu bankdan yazılı şəkildə vəsaitin tam nağd verilməsi üçün müraciət etməkdir. Bank bu müraciətə cavab verməyə və pulu təqdim etməyə borcludur. Əgər bank vəsaiti təqdim etmirsə, müştəri Mərkəzi Banka şikayət verə bilər. Yəni komissiyasız limitin olması normaldır, amma pulun ümumiyyətlə nağdlaşdırılmaması normal deyil. Müştərinin hesabındakı pulu tam şəkildə almaq hüququ var və bank bu hüquqa müdaxilə edə bilməz”.
Leyla QARAXANLI