Bank BTB (50.855), AFB Bank (75.323), Avrasiya Bank (90.261). Bank VTB (111.485) bankların kapital sıralamasında son yerlərdə qərarlaşıblar.
İqtisadçı ekspert Razi Abasbəyli "Bakı-Xəbər"-ə açıqlamasında deyib ki, Azərbaycanda bankların bağlanması sahibkarların bank sektoruna etibarını azaldan əsas faktorlardan biridir:
"Əmanətçilər üçün faktiki risk olmasa da, çünki əmanətlər dövlət tərəfindən sığortalanır və bağlanan banklarda əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaytarılır, problemlər daha çox sahibkarlar üçün yaranır. Cari hesablar, ticarət və xəzinədarlıq əməliyyatları aparan hüquqi və fiziki şəxslərin hesablarındakı vəsaitlər sığortalanmadığı üçün bank bağlananda bu pulların taleyi qeyri-müəyyən olur və çox vaxt geri qaytarılmır".
O, bildirib ki, bank bağlandıqda əvvəlcə aktivlər müəyyən edilir, əmanətçilərin pulları ödənilir, sonra bankın borcları qaytarılır:
"Cari hesabların sahibləri isə yalnız ən son mərhələdə vəsait əldə edə bilər və bu proses bir neçə il çəkə bilər. Təcrübə göstərir ki, bağlanmış banklarda hesabları olan sahibkarların vəsaitlərinin geri qayıtması çox nadir haldır. Bu da iqtisadi aktivlik göstərən şəxslərin banklara olan inamının azalmasına səbəb olur. Hazırda Azərbaycanda kapitalı aşağı olan bir neçə bank, VTB, AFB Bank, Avrasiya Bank, TuranBank risk qrupunda göstərilir. Lakin gözləntilər bu bankların bağlanması yox, başqa banklarla birləşdirilməsi istiqamətindədir".
Ekspert bildirib ki, birləşmə mexanizmi həm sığorta fondunun əlavə xərcə düşməsinin qarşısını alır, həm də müştəri hesablarının dondurulmadan fəaliyyətini davam etdirməsinə şərait yaradır:
"Bu səbəbdən, yaxın illərdə Azərbaycanda bank bağlanmalarından çox, bankların birləşdirilməsi prosesi üstünlük təşkil edəcək. Bu addım həm əmanətçilərin, həm də sahibkarların maraqlarını qoruyan daha təhlükəsiz mexanizm kimi qiymətləndirilir".
Röyalə Xəyal