Kamran Məmmədli: “Kartdan karta pul köçürməsi istehlakçı hüquqlarının pozulmasına yol açır”
Nağdsız ödənişlərin təşviqi istiqamətində atılan addımlara baxmayaraq, bəzi ticarət obyektlərində POS-terminalların ya işləməməsi, ya da bilərəkdən istifadə edilməməsi halları ilə istənilən şəxs qarşılaşıb. Belə olan halda müştərilərə "kartdan-karta köçürmə edin" təklifli irəli sürülür.
Qeyd edək ki, cihazlarda nasazlığın baş verməsi və ya sahibkarın bilərəkdən istehlakçını aldatması, eləcə də ödənişi yalnız nağd şəkildə tələb etməsi qanunvericiliyin müddəalarına ziddir.
“Restoranlarda, yaxud ticarət mərkəzlərində bu ödəniş növünün fəsadları tez-tez gündəmə gəlir”
Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev IX Bankçılıq Forumunda məlum məsələyə toxunaraq qeyd edib ki, Azərbaycanda "card-to-card" tipli ödəniş əməliyyatları ilə bağlı qanunvericiliyə yeni tələblər əlavə ediləcək.
Görəsən, kartdan karta ödənişlərin vətəndaşlara nə kimi ziyanı dəyib?
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, kartan-karta ödəniş olunması vergidən yayınma üsuludur: “Rəsmi kassa qəbzi olmasa, həmin əməliyyat qeydiyyata düşmür. Qeydiyyata düşmürsə, ondan vergi hesablanmır. Bu obyektlərin sahibləri az vergi ödəməyə maraqlı olduqlarına görə də nağd ödənişlərə üstünlük verirlər. “Card to card” əməliyyatlarında vətəndaş çətin vəziyyətdə qala bilər. Kartdan karta pul köçürməsi istehlakçı hüquqlarının pozulmasına yol açır. Restoranlarda, yaxud ticarət mərkəzlərində bu ödəniş növünün fəsadları ilə tez-tez rastlaşırıq. Məsələn, alıcı, yaxud istifadəçi kartdan karta köçürmə etdikdə, pul onun hesabından çıxır, lakin bir çox hallarda satıcının hesabına köçmür. Burada texniki səbəb də ola bilər. Yaxud rəqəmi səhv yazanda başqasının hesabına da otura bilər. Bu zaman ciddi problemlər yaranır. Alıcı pulu ödəyir, satıcı isə deyir ki, pul çatmayıb”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, “Card to card” əməliyyatlarına nəzarət olunacağı, bunun məhdudlaşdırılacağı inandırıcı görünmür.
Günel CƏLİLOVA