Əkrəm Həsənov: “Bütün kommersiya banklarından şikayətlər günü-gündən artır”
Mərkəzi Bankın açıqlamasına görə, son dövrlərdə müştərilər tərəfindən ən çox şikayət edilən bankların adları müəyyənləşib. Siyahıda BTB, Yapı Kredi Azərbaycan, Unibank və Bank of Baku ilk yerləri tutur.
Bu, bank sektorunda xidmət keyfiyyəti və müştəri məmnuniyyəti ilə bağlı hansı problemlərin daha çox diqqət mərkəzində olduğunu göstərir.
Maraqlıdır, müştərilərin adıçəkilən banklardan narazılığının əsas səbəbləri nələrdir? Xidmət səviyyəsi, kredit şərtləri, yoxsa digər amillər var?
“Adətən istehlak krediti götürən vətəndaşlar daha çox narazılıq edir, çünki…”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, müştərilər daha çox bank kreditləri ilə bağlı narazılıq edir: "Banklar bəzən kredit borcunu düzgün hesablamır, girovu qaytarmır, kredit vermir, vətəndaşa daha çox borc yazılır. Bu da təbii olaraq narazılığa səbəb olur. Bununla yanaşı, bank əmanətləri, kartlardan vəsaitin anidən silinməsi, pul köçürmələrilə də bağlı problem olur. Bu kimi problemlərin sayı çoxdur. Kartdan pul silinməsi halı adıçəkilən banklarda elə də çox olmur. Ən çox şikayət olunan banklar vətəndaşlarla işləyənlərdir. Bank şirkətlərlə əməkdaşlığa daha çox üstünlük verir. Bu tip banklar istehlakçı ilə az işlədiyi üçün şikayət də çox olmur".
Həmsöhbətimiz onu da bildirdi ki, bütün kommersiya banklarından şikayətlər günü-gündən artır: “Vətəndaşların şikayəti müxtəlif sahələr üzrə olur. Adətən istehlak krediti götürən vətəndaşlar daha çox narazılıq edir. Kredit faizinin yüksək olması, müştərilərlə kobud davranış, 1 gün gecikmənin belə vətəndaşın bütün qohumlarına bildirilməsi insanları banklardan uzaqlaşdırır. Ümumiyyətlə, bank sektoru ilə bağlı istehlakçıların hüquqları kobud şəkildə pozulur. Banklar bu gün müştəri, istehlakçı hüququnu deyil, öz qazancını düşünür. Bu düşüncə ilə də sonda müştəriləri özündən narazı salır”.
Günel CƏLİLOVA