Vüqar Bayramov: “Növbəti dövrdə kommunikasiya texnologiyası, bütövlükdə innovativ sektor olaraq önə çıxacaq”
Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının iştirakçılarına müraciət ünvanlayıb.
Müraciətdə deyilir ki, kommunikasiya texnologiyaları sahəsi Azərbaycanın qeyri-neft iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilib, son dörd ildə sabit artım ritmi qazanıb. Bütün bunlar süni intellektin inkişaf etdirilməsi, kiberhücumların qarşısının alınması və rəqəmsal infrastrukturun genişləndirilməsi sahəsində görülən ardıcıl tədbirlərlə müşayiət olunur: “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası Azərbaycanın milli təhlükəsizlik arxitekturasının əsasını təşkil edir. Bundan əlavə "Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə milli prioritetlər" sənədinə uyğun olaraq rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi ölkəmizin əsas strateji istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Biz bu istiqamətdə dövlət və özəl sektorları arasında əməkdaşlığa xüsusi önəm veririk".
“İnformasiya kommunikasiyası növbəti dövrlərdə Azərbaycan iqtisadiyyatında aparıcı sahələrdən birinə çevriləcək”
Kommunikasiya texnologiyalarının qeyri-neft iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilməsinin əhəmiyyəti haqqında fikir bildirən millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi və bu sahədə əməkdaşlıq prioritet məsələlərdən biridir: “Ölkə başçısı İlham Əliyevin Özbəkistana səfəri zamanı müzakirə edilən məsələlərdən biri bu olub. Mərkəzi Asiya ilə Azərbaycan arasında kommunikasiyanın genişləndirilməsi bu gün müzakirə edilən əsas məsələlərdir. İnformasiya kommunikasiyası növbəti dövrlərdə Azərbaycan iqtisadiyyatında aparıcı sahələrdən birinə çevriləcək. Çünki iqtisadiyyatın diversifikasiyası qeyri-neft sektorunda innovativ sahələrin daha yaxından dəstəklənməsini özündə ehtiva edir. Bu baxımdan gözlənilir ki, kommunikasiya texnologiyası qeyri-neft sektorunda prioritet istiqamətlərdən biri olaraq gəlirlərin yaradılmasında əsas drayverlərdən biri kimi çıxış edəcək. Bir tərəfdən qlobal çağırışlar, digər tərəfdən iqtisadiyyatın strukturunun dəyişdirilməsi ilə bağlı hədəflər müəyyən olunub. Bütün bunlar onu göstərir ki, növbəti dövrdə kommunikasiya texnologiyası, bütövlükdə innovativ sektor olaraq önə çıxacaq”.
Günel CƏLİLOVA