Əkrəm Həsənov: “Nağdsız hesablaşmalar həm bankların yükünü azaldır, həm vətəndaşlar üçün prosesləri daha da asanlaşdırır”
2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 7,3 milyard manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda qeyd edilir ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15.8% və ya 992 milyon manat çoxdur.
Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 4,2 milyard manatı elektron ticarət, 1 milyard 629 milyon manatı POS-terminallar, 1 milyard 138 milyon manatı bankomatlar, 269 milyon manatı isə xaricdə aparılan əməliyyatlar vasitəsilə həyata keçirilib.
Xatırladaq ki, 2025-ci il oktyabr ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 116 min təşkil edib.
Maraqlıdır, son dövrlərdə kredit kartı əməliyyatlarının həcminin artması hansı amillərlə bağlıdır?
“İnsanlar kartdakı pulu həm gündəlik alış-verişdə, həm də xidmətlər üçün birbaşa istifadə edir, nağdlaşdırmağa ehtiyac duymurlar”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, vətəndaşda fərqli məqsədlər üçün bir neçə kart da mövcud ola bilər: "Məsələn, depozit kartı, kredit kartı və s. Eyni zamanda, bu kartlar valyutalara görə də dəyişə bilər. Bundan başqa, əgər vətəndaş sahibkardırsa, sahibkar hesabları üzrə başqa, adi fiziki şəxs kimi isə başqa kart da istifadə edə bilər. Yəni bir vətəndaş müxtəlif banklardan istədiyi qədər kart əldə etmə imkanına sahibdir. Onu da deyim ki, nağdsız hesablaşmalar həm bankların yükünü azaldır, həm vətəndaşlar üçün prosesləri daha da asanlaşdırır. Vətəndaş üstündə nağd pul gəzdirmək məcburiyyətində qalmır və nəticədə pulun oğurlanması, itməsi, zədələnməsi kimi hallarla qarşılaşmır. Nağdsız hesablaşmaların ölkə iqtisadiyyatı üçün əsas üstünlüyü isə vergidən yayınma hallarının qarşısını almasıdır. Yeganə təhlükə bank kartlarına kiberhücumlardır. Bunun qarşısını almaq üçün isə banklar təhlükəsizlik sistemlərini daha da gücləndirməlidirlər".
Həmsöhbətimiz qeyd etdi ki, insanlar kartdakı pulu həm gündəlik alış-verişdə, həm də xidmətlər üçün birbaşa istifadə edir, nağdlaşdırmağa ehtiyac duymurlar. Bu da iqtisadi baxımdan daha rahat və sərfəli ödəniş üsulu kimi qəbul olunur: “Bank kartlarının sayı və onlarla əməliyyatların artması insanların maliyyə alətlərindən, yəni nağdsız ödənişlərdən daha çox istifadə etməsini göstərir”.
Günel CƏLİLOVA