Əkrəm Həsənov: “Bankların da bu tip depozitlərə ehtiyacı var, çünki ucuz və sabit vəsait sayılır”
2025-ci ilin aprel ayından etibarən Maliyyə Nazirliyi dövlət vəsaitlərinin idarə olunmasında yeni mexanizm tətbiq edib. Nazirlik vahid xəzinə hesabında yaranan sərbəst vəsaitləri depozit hərracları vasitəsilə kommersiya banklarında yerləşdirməyə başlayıb.
Rəsmi məlumata görə, apreldən oktyabra qədər keçirilən 22 depozit hərracı nəticəsində yerli banklarda ümumilikdə 10,4 milyard manat məbləğində vəsait yerləşdirilib və bu əməliyyatlardan 76,9 milyon manat faiz gəliri hesablanıb. Həmin faiz gəlirinin vaxtı çatmış 66,6 milyon manatı dövlət büdcəsinə ödənilib.
Maraqlıdır, bu cür depozit yerləşdirmələrinin məqsədi yalnız gəlir əldə etməkdirmi, yoxsa prosesin arxasında başqa iqtisadi hədəflər də dayanır? Ümumiyyətlə, bankın bu prosesdən nə kimi faydası, qazancı olur?
“Maliyyə Nazirliyi üçün depozitlərin yerləşdirilməsinin əsas məqsədi dövlət vəsaitlərinin səmərəli istifadəsi və gəlirin əldə edilməsidir”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Maliyyə Nazirliyi üçün depozitlərin yerləşdirilməsinin əsas məqsədi dövlət vəsaitlərinin səmərəli istifadəsi və gəlirin əldə edilməsidir: “Maliyyə Nazirliyinin əsas məqsədi dövlətin gəlirini artırmaqdır. Bankların da bu tip depozitlərə ehtiyacı var, çünki ucuz və sabit vəsait sayılır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, əsas problem Maliyyə Nazirliyinin depoziti yalnız bir neçə banka yerləşdirməsidir: “Bu, ədalət prinsipinə və Rəqabət Məcəlləsinə ziddir. Ola bilsin, Maliyyə Nazirliyi deyə bilər ki, ancaq həmin banklara etibar edir. Ancaq nazirlik özəl şəxs deyil ki, etibar məsələsini ortaya atsın. 20-dən çox banka lisenziya verən qurum ayrıseçkilik etməməlidir. Bir neçə banka depozit yerləşdirməklə demək istəyirlər ki, biz vəsaitimizi ayırdığımız banklara etibar edirik, siz özünüz bilərsiz. Bu nə yanaşmadır?”
Ekspertin sözlərinə görə, depozit hərracları dövlətin maliyyə risqlərinin idarə olunmasına xidmət edir: “Pulun yalnız xəzinədə qalması inflyasiya və bazar risqlərinə məruz qala bilər, lakin depozit hərracları vasitəsilə yerləşdirilmə risqi diversifikasiya edir və əlavə faiz gəliri ilə qorunma təmin edir. Beləliklə, bu siyasətin əsas məqsədi yalnız əlavə gəlir əldə etmək deyil, həm də dövlətin nağd pul resurslarını səmərəli idarə etmək, bank sektoruna dəstək vermək və maliyyə risqlərini azaltmaqdır”.
Günel CƏLİLOVA