Xalid Kərimli: “Pakistandan idxal olunacaq ət dondurulmuş olacaq, Azərbaycan əhalisi daha çox yeni kəsilmiş ətlərə üstünlük verir”
Pakistan rəsmi olaraq Azərbaycana ət ixrac etmək icazəsi əldə edib və yaxın günlərdə yerli idxalçılarla əməkdaşlıq quraraq təchizata başlamağı planlaşdırır. Bu barədə Pakistan Ticarət İnkişafı İdarəsi (TDAP) məlumat yayıb.
Bildirilib ki, sözügedən icazə Pakistan Heyvan Karantini Departamentinin Azərbaycanın bütün baytarlıq və qida tələblərini uğurla yerinə yetirməsindən sonra mümkün olub.
Qeyd edək ki, TDAP ət ixracçıları və bu sahə üzrə müvafiq təşkilatlarla iclas keçirib, Azərbaycan bazarına çıxış imkanları müzakirə edilib. Gələcək planlara Pakistan ət ixracçıları heyətinin 2025-ci ilin noyabr ayında Bakıya göndərilməsi daxildir.
Məlumat üçün bildirək ki, Pakistanda ət istehsalı ölkə iqtisadiyyatının mühüm sahələrindən biridir və kənd təsərrüfatı ilə sıx bağlıdır. Ölkə dünyanın ilk 10 iri ət istehsalçısından biridir. İllik ət istehsalı təxminən 4,5–5 milyon ton civarındadır. Ən çox camış və mal əti, sonra isə quzu və keçi əti istehsal olunur.
Maraqlıdır, Pakistandan ət idxalı Azərbaycanın ət bazarındakı təlabatı ödəyəcəkmi? Ətin qiyməti necə dəyişəcək?
“Qiymətlərə təsir əsasən idxal olunacaq ətin həcmi ilə bağlıdır, bazarda qiymətlərin enməsi üçün təkcə yeni ölkədən idxal kifayət etmir, bunun üçün…”
Iqtisadçı Xalid Kərimli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, qiymətlərə təsir, əsasən idxal olunacaq ətin həcmi ilə bağlı olacaq: “Bazarda qiymətlərin enməsi üçün təkcə yeni ölkədən idxal kifayət etmir. Əsas məsələ ümumi təklifin artmasıdır. Pakistandan ət alınıb, Monqolustandan, Rusiyadan və ya Ukraynadan ət idxalı azalarsa, bu, bazarda bolluğa səbəb olmayacaq. Bolluq olmazsa, qiymətdə də dəyişiklik olmaz”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Pakistandan idxal olunacaq ət dondurulmuş olacaq: “Məlumdur ki, Azərbaycan əhalisi yeni kəsilmiş ətlərə daha çox maraq göstərir. Dondurulmuş ətin müştərisi az olur. Ümumiyyətlə, ətin qiymətinin ucuzlaşması üçün yerli istehsalın inkişafına daha çox önəm verilməlidir”.
Günel CƏLİLOVA