Əkrəm Həsənov: “Bəzi bankomatlarda bir manatlıq əskinaslar olur, amma tez bitir”
Bankomatlar bu gün bank hesablarında olan pulun nağdlaşdırılması üçün ən rahat üsuldur. Bankda növbə gözləmirsən, sənədləşmə proseduru üçün vaxt sərf etmirsən. Ümumiyyətlə, banka getməyə ehtiyac olmur, şəhərin müxtəlif yerlərindən bankomat vasitəsilə sənə lazım olan pulu hesabından çəkə bilirsən.
Ancaq son vaxtlar vətəndaşlar məlum məsələ ilə bağlı bir "əmma” ilə üzləşməli olur. Belə ki, bəzi bankomatlar yalnız 5, 10 və 20 manatlıq əskinaslar verir . Ancaq 1 manatlıq pulların olmaması vətəndaşların narazılığına səbəb olur. Onu da qeyd edək ki, məlum vəziyyətlə bağlı uzun müddətdir sosial şəbəkədə narazılıqlar bildirilir.
Maraqlıdır, bankomatlarda 1 manatlıq niyə qəhətə çəkilib?
“Bütün bankomatların müxtəlif nominallı əskinaslar verməsi üçün banklar əlavə texniki tənzimləmələr aparmalıdır”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, məlum problemin yaşanmasının bir neçə səbəbi var: “Bəzi bankomatlarda bir manatlıq əskinaslar olur, amma tez bitir. Yaxud ola bilər ki, bankomat bir qayda olaraq manatlıq əskinas vermir. Bir sıra banklar isə buna artıq xərc kimi baxır və manatlıqları ora yükləmək istəmir. Onlar hesab edirlər ki, bununla xeyli vaxt itirirlər və bankomatda artıq yer tutur. Ümumiyyətlə, bu problem tək ölkəmizdə deyil, demək olar ki, dünyanın hər bir yerində yaşanır. Bütün bankomatların müxtəlif nominallı əskinaslar verməsi üçün banklar əlavə texniki tənzimləmələr aparmalı, həmçinin bankomatların texniki tutumu və xidmət tezliyi artırılmalıdır”.
Həmsöhbətimizin dediyinə görə, məlum problem hansı bankın bankomatında daha çox müşahidə olunursa, vətəndaşlar bununla bağlı aidiyyəti qurumlara şikayət edə bilər: “Danılmaz faktdır ki, insanlar bankomatlara, əsasən, böyük əskinaslara görə müraciət edir. Bunu qeyri-adi hal kimi də baxmaq olmaz. Ancaq ümumi narazılıqlar varsa, şikayətlərin olması təbiidir. Belə hallarda həmin bankların filiallarına müraciət edərək şikayətlərini bildirə bilərlər”.
Günel CƏLİLOVA