Vüqar Bayramov: “Bu artım həmin ölkələr üçün yeni innovativ məhsul ixracatının reallaşması deməkdir”
Hazırda biz Orta Asiya, Azərbaycan, Türkiyə, Avropa yaşıl enerji dəhlizi üzərində işləyirik. Bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında deyib.
Daha sonra ölkə başçısı çıxışında bunları qeyd edib: “Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək”.
Bütövlükdə, Orta Asiya, Azərbaycan, Türkiyə, Avropanın üzərində işlədiyi yaşıl enerji dəhlizi layihəsinin perspektivlərini necə dəyərləndirirsiniz?
“Ona görə də artıq türk dünyasında yaşıl enerji şəbəkəsinin daha da genişlənməsi müşahidə olunur”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Vüqar Bayramov buna bir neçə aspektdən yanaşdı: “Azərbaycan da daxil olmaqla, türk dövlətlərinin bərpa olunan enerji potensialı kifayət qədər yüksəkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan artıq öz yaşıl enerjisini Avropaya ixrac etmək niyyətindədir. Bununla bağlı Avropa İttifaqı ilə Azərbaycanla Gürcüstan arasında xüsusi anlaşma da imzalanıb. Nəzərə almaq lazımdır ki, Azərbaycan eyni zamanda son illər bərpa edilən enerjiyə ən çox sərmayə qoyan ölkədir. Bütövlükdə, sözügedən sektora 1 milyard dollardan artıq investisiya cəlb edilib. O baxımdan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə qeyd olunduğu kimi, TDT ölkələri arasında həm də yaşıl enerji sahəsində əməkdaşlığın güclənəcəyi gözlənilir. Bu, nəticə etibarı ilə həm TDT-yə üzv ölkələrdə mövcud enerji potensialının daha səmərəli və geniş istifadəsi anlamına gəlir, eyni zamanda bu artım həmin ölkələr üçün yeni innovativ məhsul ixracatının reallaşması deməkdir. Ona görə də artıq türk dünyasında yaşıl enerji şəbəkəsinin daha da genişlənməsi müşahidə olunur. Bu da həm istehlakda, həm də bütövlükdə ixracatda yaşıl enerjinin payının artmasına gətirib çıxaracaq. Başqa bir tərəfdən, Türk dünyası qlobal iqtisadi artım faizindən daha çox artıma malik olan regiondur. Digər tərəfdən isə, TDT-yə üzv olan dövlətlər arasında strateji münasibətlərin daha da dərinləşməsi iqtisadi inkişaf üçün yeni imkanlar yaradır. Bu özünü birgə sərmayə fondlarının yaradılması, qarşılıqlı ticarət həcminin artması və nəqliyyat və logistika sahəsində geniş əməkdaşlıqda göstərir. Ona görə də hesab edirəm ki, birgə yaşıl enerji layihələrinin perspektivi böyükdür”.
Vidadi ORDAHALLI