Natiq Cəfərli: “Qeyd edilən rəqəmə çatılacaqsa, bu, Azərbaycan iqtisadiyyatına ciddi müsbət təsir göstərər”
“Daşkəsən dəmir filizi layihəsinin hər iki mərhələsinin kompleks şəkildə icrası regiona daha böyük sosial-iqtisadi dividendlər qazandıracaq”. Bunu "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil edilən brifinqdə bildirib.
O qeyd edib ki, birbaşa və dolayı təsirlər nəticəsində təxminən 4000 iş yeri yaradılacaq: “Əməliyyatlara başlanıldıqdan sonrakı dövr ərzində ölkə üzrə ÜDM-ə təqdribən 13 milyard ABŞ dolları həcmində töhfə verəcək. Bu investisiya təkcə sənaye və mədən sahələrinin inkişafını stimullaşdırmaqla kifayətlənməyəcək, eyni zamanda regionda logistika, xidmət və infrastruktur sahələrində əlavə canlanma yaradacaq. Bu yanaşma ixracyönümlü məhsul istehsalına və ölkəmizin polad sənayesinin xammal təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcək”.
Açıqlanan məlumatdan bəlli olur ki, "AzerGold" QSC Azərbaycan ÜDM-nə 13 milyard dollar töhfə verəcək. Maraqlıdır, bu rəqəm nə dərəcədə real görünür?
“AzerGold” QSC-nin Azərbaycan ÜDM-ə 13 milyard dollar töhfə verəcəyi şübhəlidir, ancaq son zamanlar…”
Iqtisadçı Natiq Cəfərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, "AzerGold" QSC-nin Azərbaycan ÜDM-nə 13 milyard dollar töhfə verəcəyi şübhəlidir: “Adıçəkilən QSC-nin ÜDM-ə 13 milyard dollar töhfəni hansı müddətə verəcəyi açıqlanmayıb. Etitaf etmək lazımdır ki, hazırda dünyada qiymətli metalların qiyməti fantastik dərəcədə artıb. Qiymət artımı tarixi maksimum səviyyəsindədir. Qızıl, gümüş və misin qiyməti artmaqda davam edir. Məlumat üçün deyim ki, mis əlvan metal sayılmasa da, təbii resurs sayılır və bizim imkanımız da var ki, mis, alüminium istehsalını artıraq. Doğrudan da qeyd edilən rəqəmə çatılacaqsa, bu, Azərbaycan iqtisadiyyatına ciddi müsbət təsir göstərər. Ancaq bunun hansı müddətə olacağı və nə qədər investisiya lazım gələcəyi bəlli deyil. Bununla bağlı ictimaiyyətə geniş məlumat verilməlidir”.
Leyla QARAXANLI