Fuad İbrahimov: “İlk gün üçün belə bir nəticə varsa, bu o deməkdir ki...”
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib ki, forumun birinci günündə imzalanmış sazişlərin ümumi dəyəri 5,5 milyard ABŞ dollarından artıq olan bir məbləğə bərabərdir.
M.Cabbarov vurğulayıb ki, forumun ikinci günündə bir sıra digər vacib sənədlər imzalanacaq (imzalanıb).
“Buna təbii hal kimi yanaşmaq lazımdır”
Məsələyə şərh verən iqtisadçı Fuad İbrahimli “Bakı-Xəbər”ə “Əlbəttə, bir günün içində 5,5 milyard ABŞ dollarlıq bir sazişin imzalanması təbii haldır.
Bunun tərkib hissəsinin hansı istiqamətləri əhatə etdiyi də maraqlıdır. Amma ilk gün üçün belə bir nəticə varsa, bu o deməkdir ki, forum iştirakçıları məqsədli şəkildə gəlib və nəyə görə gəldiklərini bilirlər. Bu onların artıq hazırlıqlı və məqsədli formada gəlmələrinin bariz nümunəsidir. Bu o deməkdir ki, Azərbaycana gəldikdə saziş imzalayan tərəflər ən azı öz məqsədlərini və ölkəmizə olan maraqlarını ifadə etməklə açıq planlaşdırılmış bir işlə gəliblər. Bu da təsadüfi deyil. Buna təbii hal kimi yanaşmaq lazımdır”-deyə bildirdi.
F.İbrahimovun sözlərlərinə görə, Azərbaycanın Şərqlə Qərb arasında mövcud mövqeyi də burda mühüm rol oynayır. Ekspertin fikrincə, eyni zamanda bu bölgənin dünyanın 1 və 2 nömrəli iqtisadiyyat nəhəngləri - ABŞ və Çinin marağında olması birmənalı şəkildə Azərbaycana marağı artırır. “Çünki bu proseslər getdikdən sonra müəyyən qədər fəaliyyətin şaxələnməsi, imkanların genişlənməsi, dünyanın müəyyən biznes dairələrinin maraqlarının dayanqılı şəkildə möhkəmlənməsi, əlbəttə ki, bu qəbildən olan məsələləri, o cümlədən də qeyd edilən 5, 5 milyardı şərtləndirən amillərdən biri kimi qəbul olunur. Bu təbii haldır. Çünki Azərbaycan bölgə kimi, dövlət kimi maraq dairəsindədir. Yəni cazibədar bir məkandır. Bu gün bütün biznes çalışacaq ki, nə edirsə etsin bu həndəvərdə, bu ətrafda etsin. Yəni belə bir mühit formalaşır. Ona görə ki, çox sadə prinsipi var: iki dünya nəhənginin burdan keçən maraqları var”-deyə F.İbrahimov qeyd etdi.
İradə SARIYEVA