Kamran Məmmədli: “Pambıq ixracında əsas məqam keyfiyyətli məhsuldur, ancaq…”
Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafına, xüsusilə ölkəyə daha çox valyuta gətirən kənd təsərrüfatı məhsullarının istehsalına geniş meydan açılıb. Bu istiqamətdə yaradılan əlverişli şərait - ölkənin iqtisadi potensialından səmərəli istifadə və ixracyönümlü məhsul istehsalının təşviqi məqsədilə həyata keçirilmiş tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələr əldə etməyə imkan yaradır.
Pambıq məhsulunun dünya birjalarında alıcısı çox olduğundan, satışı üçün elə bir problem olmur. Bu məhsula dünya bazarında həmişə tələbat olub və indi də var. Ancaq son zamanlar Azərbaycanın pambıq ixracından gəliri azalıb. Belə ki, bu ilin yanvar-iyul aylarında 108.1 milyon ABŞ dolları dəyərində pambıq ixrac edilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13.9 faiz azdır. Təkcə iyulda isə Azərbaycan 9.5 milyon ABŞ dolları dəyərində pambıq ixrac edib. Bu isə bir il əvvələ nisbətən səkkiz faiz azdır. Bəs gəlirlərin azalmasına səbəb nədir? Pambıqçılıq artıq əvvəlki qədər maraq doğurmur?
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, pambıq ixracının azalmasının müxtəlif səbəbləri var: “İlk olaraq qeyd edim ki, dünya bazarında pambığa olan tələbat azalıb. İxrac edilən ölkələrdən biri də Rusiyadır. Rusiyada da müharibə şəraiti bu sahəyə problemlər yaradır. Azərbaycan o zaman bu bazardan faydalana bilər ki, bu sahədə güclü bazar olsun. Bunun üçün də keyfiyyətli pambıq istehsalı şərtdir. Azərbaycanda ağ qızılın ixracında baş verən azalmanın səbəblərindən biri iqlim dəyişikliyi və hava şəraitindəki problemlərdir ki, bu da kənd təsərrüfatına ciddi təsir göstərir. Bundan əlavə, suvarma problemləri də çox ciddi rol oynayır, xüsusilə Aran zonasında pambıqçılıqla məşğul olanlar üçün bu məsələ daha ağrılıdır”.
Ekspert hesab edir ki, pambıqçılığın yalnız xammal istehsalı deyil, emal və ixrac üçün də potensial sahə olduğu unudulmamalıdır. Pambıqdan alınan iplik, parça, hazır geyim məhsulları daxili sənayenin inkişafını sürətləndirə və ixrac gəlirlərini artıraraq pambıqçılığı daha rentabelli sahəyə çevirə bilər: “Azərbaycanın zəngin pambıqçılıq ənənəsinin yenidən canlandırılması üçün beynəlxalq təcrübədən düzgün şəkildə faydalanmaq bu sahənin gələcəyini formalaşdıracaq əsas yol xəritəsidir”.
Günel CƏLİLOVA