Aydın Hüseynov: “Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən etibarlı tərəfdaş kimi çıxış edir”
"Enerji siyasətimiz Azərbaycanın beynəlxalq iqtisadi mövqeyinin güclənməsində mühüm rol oynayır." Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində yer alıb.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan hazırda bir sıra dövlətlərin həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. “Təbii qazla yanaşı, Günəş və külək enerjisi layihələri, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası, eləcə də “ağıllı infrastruktur” konsepsiyalarının tətbiqi ölkəmizi qlobal enerji keçidinin aparıcı iştirakçılarından birinə çevirir. Beləliklə, Azərbaycan həm bu günün enerji təhlükəsizliyini möhkəmləndirir, həm də sabahın yaşıl iqtisadiyyatını qurur”.
Ölkə başçısı xüsusi olaraq vurğulayıb ki, bugünün enerji təhlükəsizliyi sabahın yaşıl iqtisadiyyatıdır.
“Dövlət başçısının “bugünün enerji təhlükəsizliyi, sabahın yaşıl iqtisadiyyatı” tezisi, əslində Azərbaycanın inkişaf modelinin mahiyyətini ifadə edir”
Millət vəkili Aydın Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Prezident İlham Əliyevin Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna müraciətində səsləndirdiyi fikirlər ölkəmizin enerji siyasətinin həm bu gün, həm də gələcək baxımından strateji əhəmiyyətini aydın şəkildə göstərir: “Enerji sahəsində balanslaşdırılmış yanaşma, yəni həm ənənəvi mənbələrin etibarlı şəkildə təqdim olunması, həm də bərpaolunan enerji layihələrinin genişləndirilməsi Azərbaycanın beynəlxalq iqtisadi mövqelərini möhkəmləndirən əsas amillərdəndir.
Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən etibarlı tərəfdaş kimi çıxış edir. Təbii qaz layihələri qitənin enerji tələbatının ödənilməsində vacib rol oynayır. Eyni zamanda, ölkəmizin Günəş və külək enerjisi sahəsində böyük potensialı, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası kimi layihələr qlobal miqyasda diqqət çəkir. Bu təşəbbüslər Azərbaycanın yalnız bugünkü enerji tələbatlarını ödəməkdə deyil, həm də gələcəyin “yaşıl iqtisadiyyatı”nı formalaşdırmaqda aparıcı mövqe tutduğunu sübut edir.
Dövlət başçısının “bugünün enerji təhlükəsizliyi, sabahın yaşıl iqtisadiyyatı” tezisi, əslində Azərbaycanın inkişaf modelinin mahiyyətini ifadə edir. Bu model həm qlobal bazarlarda ölkəmizin rolunu möhkəmləndirir, həm də iqtisadiyyatımızın dayanıqlı gələcəyini təmin edir. Azərbaycanın həyata keçirdiyi enerji siyasəti onu regionda sabitlik, əməkdaşlıq və innovasiya mərkəzinə çevirir, ölkəmizi beynəlxalq iqtisadi sistemdə etibarlı tərəfdaş statusuna yüksəldir”.
Günel CƏLİLOVA