Pərviz Heydərov: “Dünya İqtisadi Forumu ilə məlum tərəfdaşlıq bizə müəyyən mənfəətlər əldə etmək sarıdan böyük fürsətlər yaradacaq”
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO ilə Dünya İqtisadi Forumu (WEF) arasında Assosiativ Mərkəz Tərəfdaşlıq (Üzvlük) Sazişi imzalanıb. Qeyd edək ki, Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində baş tutan mərasimdə sənədi AZPROMO-nun İcraçı Direktoru Yusif Abdullayev və WEF-in Beynəlxalq Ticarət və İnvestisiyalar üzrə Siyasət və İcma rəhbəri Metyu Stepenson imzalayıb.
Məlumat üçün bildirək ki, bu saziş beynəlxalq ticarət və investisiya sahəsində əlaqələrin genişləndirilməsini və strateji əməkdaşlıq imkanlarının artırılmasını nəzərdə tutur.
“Dünya İqtisadi Forumu ilə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi arasında müvafiq tərəfdaşlıq sazişi beynəlxalq ticarət və investisiya sahəsində əlaqələri daha da genişləndirəcək”
AZPROMO ilə Dünya İqtisadi Forumu (WEF) arasında imzalanan sazişin iqtisadi əhəmiyyəti haqqında danışan iqtisadçı Pərviz Heydərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan dünya ölkələrinin diqqətini özünə cəlb etməyi bacarır. Bakıda keçirilən tədbir çərçivəsində imzalanan məlum sazişin əhəmiyyəti çoxdur: “Məlumdur ki, Dünya İqtisadi Forumu çox mühum bir qurumdur. Bu qurumun hər ilin yanvar ayında keçirdiyi DAVOS görüşləri bütün dünya ölkələrinin investisiya imkanlarını və qarşılıqlı əlaqələr yaratmaq sahəsində mümkün variantları müəyyənləşdirmək üçün çox mühum təşkilat sayılır. Belə bir qurumla ölkəmizin əməkdaşlıq etməsi əhəmiyyətlidir. Dünya İqtisadi Forumu ilə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi arasında müvafiq tərəfdaşlıq sazişi beynəlxalq ticarət və investisiya sahəsində əlaqələri daha da genişləndirəcək. Eyni zamanda, strateji əməkdaşlıq imkanları da artacaq. Məlumdur ki, ölkəmizin investisiya ehtiyacı var və xarici investisiyaların cəlbi üçün böyük təbliğat-təşviqat siyasəti aparılır. Bunun üçün maksimal şəraitin yaranmasına çalışırıq. Ona görə Dünya İqtisadi Forumu ilə məlum tərəfdaşlıq bizə müəyyən mənfəətlər əldə etmək sarıdan böyük fürsətlər yaradacaq”.
Günel CƏLİLOVA