Xalid Kərimli: “Bu ölkə ilə əməkdaşlıq həm ixrac, həm investisiya imkanlarının artması baxımından əhəmiyyətlidir”
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.
Görüş zamanı dostluq və qardaşlığa əsaslanan Azərbaycan-BƏƏ əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığı, siyasi münasibətlərimizin yüksək səviyyədə olduğu, iqtisadi-ticari əməkdaşlığın inkişaf etdiyi vurğulanıb.
Həmçinin, Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” imzalanıb. Maraqlıdır, imzalanan “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin nə kimi iqtisadi əhəmiyyəti var?
“Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin imzalanması ilə ölkəmizə əlavə investisiyaların cəlb olunması iqtisadi baxımdan əhəmiyyətlidir”
Iqtisadçı Xalid Kərimli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Birləşmiş Ərəb Əmirlikləri olduqca zəngin və geniş imkanlara malik dövlətdir: “Bu dövlət enerji, yaşıl enerji sahəsində də olduqca bacarıqlıdır. Bu ölkə ilə əməkdaşlıq həm ixrac, həm investisiya imkanlarının artması baxımından əhəmiyyətlidir. Belə ki, həmin ölkənin şirkətləri ilə birgə böyük layihələrdə iştirak etmək imkanı bizə maraqlıdır. Ona görə də Birləşmiş Ərəb Əmirlikləri ilə hərtərəfli əlaqələrin qurulması olduqca vacibdir. Məlumat üçün deyim ki, həmin ölkə çox yaxşı turizm, əmlak, yaşıl enerji sahəsində mükəmməl təcrübəyə və bacarıqlara malikdir. Demək olar ki, onlar səhrada cənnət yaradıblar. İki ölkə arasında əlaqələrin yaxşılaşdırılması Azərbaycan üçün əhəmiyyətlidir. Belə ki, “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin imzalanması ilə ölkəmizə əlavə investisiyaların cəlb olunması iqtisadi baxımdan əhəmiyyətlidir. Bununla yanaşı, birgə layihələrdə əməkdaşlıq baxımından da sərfəlidir. Eyni zamanda, qeyri-neft sektorunun inkişafı istiqamətində müsbət dəyişiklik baş verə bilər. BƏƏ-dən ölkəmizə istirahət üçün gələcək turistlərin sayı da artacaq”.
Günel CƏLİLOVA