Özbəkistanda Azərbaycan sərmayələri niyə prioritet sayılır?..

Tahir Mirkişili: “Özbəkistan Mərkəzi Asiyanın ən böyük ölkəsi olduğu üçün bu regionda Azərbaycanın təsirini artıra bilər”
Məlumdur ki, Özbəkistan ilə Azərbaycan arasında münasibətlər tarix, dil, din və mədəni dəyərlərə əsaslanan dərin qardaşlıq təməli üzərində qurulub.
Son illərdə isə bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək çoxşaxəli əməkdaşlıq müstəvisində inkişaf etməkdədir. Siyasi dialoqdan iqtisadi inteqrasiyaya, humanitar əməkdaşlıqdan regional təhlükəsizlik məsələlərində ortaq mövqelərə qədər uzanan bu münasibətlər Türk dünyasının gələcəyi üçün strateji əhəmiyyət kəsb edir.
Xəbər verdiyimiz kimi, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Bu səfər iki qardaş ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında yeni səhifələrin açılması baxımından mühüm önəm kəsb edir.
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında deyib ki, Özbəkistana investisiyalar Azərbaycan üçün prioritetdir. Birincisi ona görə ki, bu, dost, qardaş ölkədir. İkincisi, çünki Özbəkistan Prezidentinin düşünülmüş islahatları nəticəsində ölkədə çox yaxşı investisiya mühiti yaradılıb.
Azərbaycanın dövlət başçısının sözlərinə görə, təsadüfi deyil ki, bu gün Özbəkistan investisiyalar üçün çox cəlbedici ölkədir.
Maraqlıdır, Özbəkistana investisiyalar Azərbaycana nə verə bilər?
“Özbəkistanın iqtisadi islahat prosesində qazandığı təcrübə və yeniliklər Azərbaycan üçün də faydalı ola bilər”
Millət vəkili Tahir Mirkişili “Bakı-Xəbər”ə şərhində bunları bildirdi: “Prezident İlham Əliyevin Özbəkistana investisiyaları prioritet elan etməsi Azərbaycanın bir sıra strateji məqsədlərinə xidmət edir. Azərbaycanın neft-qaz sektorundan asılılığını azaltmaq üçün iqtisadiyyatın diversifikasiyası vacibdir. Özbəkistana investisiyalar bu prosesə töhfə verə bilər, çünki iki ölkə müxtəlif sahələrdə qarşılıqlı əlaqəli layihələr həyata keçirə bilər. Artıq yaradılmış Birgə İnvestisiya Fondu praktiki olaraq layihələrlə təmin edilib və 10-dan çox layihə üzrə investisiya qərarları qəbul mərhələsindədir. Özbəkistan Mərkəzi Asiyanın ən böyük ölkəsi olduğu üçün bu regionda Azərbaycanın təsirini artıra bilər. Bu da Azərbaycanın qlobal geosiyasi və geoiqtisadi mövqeyini gücləndirir, yeni bazarlara çıxış imkanı yaradır. Azərbaycan və Özbəkistan şəhərsalma, turizm, sənaye və kənd təsərrüfatı sahələrində əvvəllər razılaşdırılmış layihələrin icrası və yeni investisiya təşəbbüsləri barədə müzakirə aparıb. Bu sahələr Azərbaycan üçün yeni ixrac imkanları və bazarları yarada bilər. Özbəkistanın iqtisadi islahat prosesində qazandığı təcrübə və yeniliklər Azərbaycan üçün də faydalı ola bilər. Həmçinin, Azərbaycanın neft-qaz sektorundakı texnologiyaları və iqtisadi islahat təcrübəsi Özbəkistan üçün dəyərli sayıla bilər. İki qardaş və müttəfiq ölkənin iqtisadi sahədə sıx əməkdaşlığı hər iki tərəfə böyük uğur vəd edir”.
Günel CƏLİLOVA