Azərbaycan neftinin kəskin bahalaşmasının sonu nə olacaq?...

Kamran Məmmədli: “Vəziyyət bu cür davam edərsə, bir barrel neftin qiymətinin 100 dolları keçəcəyi gözlənilir”
Yaxın Şərqdə baş verən gərginliklər yenidən dünya enerji bazarlarında dalğalanmalara səbəb olub. İsrail ilə İran arasında artan hərbi qarşıdurmalar neftin birjalardakı qiymətini kəskin şəkildə artırıb. Bu vəziyyət Azərbaycanın da daxil olduğu enerji ixracatçısı ölkələrin iqtisadi mənzərəsində birbaşa əks olunub.
Belə ki, Azərbaycan neftinin qiymətinin qalxdığını da müşahidə edirik. Məlumat üçün bildirək ki, son olaraq dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barrelinin qiyməti 3,41 ABŞ dolları, yaxud 4,3 % artaraq 82,58 ABŞ dolları təşkil edib.
Maraqlıdır, neftin bahalaşması tendensiyası nə vaxta qədər davam edəcək?
“Yaxın günlərdə hər hansı diplomatik razılaşma əldə olunarsa, bu zaman enerji bazarlarında sabitlik bərpa oluna və qiymətlərdə yenidən enmə müşahidə edilə bilər”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Yaxın Şərqdə baş verən hadisələr neftin qiymətini sürətlə dəyişir: “Vəziyyət bu cür davam edərsə, bir barrel neftin qiymətinin 100 dolları keçəcəyi gözlənilir. Qarşıdakı dövrdə ixrac boru kəmərləri, neft-qaz yataqları və mədənlər vurularsa, bu, neft qiymətlərində yenidən artıma səbəb ola bilər. Yaxın günlərdə hər hansı diplomatik razılaşma əldə olunarsa, bu zaman enerji bazarlarında sabitlik bərpa oluna və qiymətlərdə yenidən enmə müşahidə edilə bilər. Onu da deyim ki, İran gündəlik 3,5 milyon barrel neft, 1,3 milyon barrel civarında kondensat hasil edir. Bu, dünya üzrə gündəlik neft istehlakının 4-4,5 faizi deməkdir. Bu hasilatın müəyyən bir hissəsi ixrac olunur. Belə bir fikir səslənir ki, İran Hörmüzü bağlaya bilər. Ancaq İran istəsə belə, Hörmüzü tam bağlaya bilməz. Çünki Hörmüzün eni 54 kilometrdir, onun ancaq 27 kilometri İranın ərazi sularıdır. Yerdə qalan hissəsi BƏƏ və Omanındır, onların da hər birinin öz hərbi qüvvələri var. Yəni İran Hörmüzü tam bağlamaq üçün bu iki ölkəyə də müharibə elan etmiş olacaq. Bu da real görünmür”
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycan neft ixrac edən ölkədir və dünya bazarında neftin qiymətinin artması ölkənin büdcə gəlirlərinə müsbət təsir göstərir və ölkə daxilində qiymət artımına birbaşa təsir etmir.
Günel CƏLİLOVA