Vüqar Bayramov: “İnkişaf etmiş ölkələrin Azərbaycan təcrübəsinə maraq göstərməsi maraqlıdır, diqqətçəkəndir”
“Böyük Britaniya təmiz enerji sahəsində Azərbaycanla öz təcrübəsini bölüşmək niyyətinə sadiq olaraq qalır”. Bunu Böyük Britaniyanın Enerji təhlükəsizliyi və Sıfır Emissiya nazirliyinin nümayəndəsi bildirib.
O qeyd edib ki, bir halda ki, Azərbaycan bərpa olunan enerji mənbələrindən daha fəal istifadə etməyə can atır, biz ölkənin bu sahədəki potensialını tam şəkildə üzə çıxarmağa kömək etmək üçün təmiz enerjiyə keçid üzrə təcrübəmizi bölüşməyə hazırıq: “Biz Böyük Britaniyanın təmiz enerji sahəsində lider statusuna yüksəlməsi, keyfiyyətli iş yerlərinin yaradılması və iqtisadi artım yolu ilə əldə etdiyi təcrübəyə əsaslanırıq”.
Maraqlıdır, Böyük Britaniya Azərbaycanın enerji sahəsinə təxminən nə qədər investisiya qoya bilər? Ümumiyyətlə, bu proses hansı nəticələri doğura bilər?
“2030-cu ilə qədər ümumi istehlakda enerji payımızın 35 faizə qaldırılması nəzərdə tutulur, karbon emissiyaları isə 40 faiz azaldılacaq”
Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan regionda bərpaolunan enerjiyə ən çox investisiya qoyan ölkələrdən biridir: “Son illər bərpaolunan enerjiyə 1 milyard dollardan artıq xarici investisiya cəlb olunub. Bu da Azərbaycanın kifayət qədər böyük olan potensialından istifadə imkanı deməkdir. Azərbaycan bərpaolunan enerji istehlakı ilə bağlı bəlli hədəflərə malikdir. 2030-cu ilə qədər ümumi istehlakda enerji payımızın 35 faizə qaldırılması nəzərdə tutulur, karbon emissiyaları isə 40 faiz azaldılacaq. Eyni zamanda, ölkəmiz Avropa İttifaqına artıq 2027-ci ildən etibarən yaşıl enerjini ixrac etmək niyyətindədir. Bütün bunlar ondan xəbər verir ki, ölkəmiz kifayət qədər mütərəqqi təcrübəyə malikdir. Inkişaf etmiş ölkələrin Azərbaycan təcrübəsinə maraq göstərməsi maraqlıdır, diqqətçəkəndir. Bu da Azərbaycan üçün tətbiq etdiyi yaşıl modelin yayılması baxımından vacibdir”.
Günel CƏLİLOVA