Rusiyanın məşhur qaz şirkəti Azərbaycana gəlmək istəyir...

Vüqar Bayramov: “Azərbaycan öz milli maraqlarını nəzərə almaqla xarici şirkətlərlə əməkdaşlıq qurur”
Rusiyanın qaz kompressor stansiyaları istehsalçısı “Industrial Equipment Plant” şirkəti Azərbaycan bazarına daxil olmağı planlaşdırır. Bu barədə şirkətin Marketinq departamentinin rəhbəri Olqa Kozlova məlumat yayıb.
O qeyd edib ki, hazırda Azərbaycan bazarında təmsil olunmasaq da, ölkəni neft-qaz sahəsində perspektivli bazar hesab edir və əməkdaşlıqda maraqlıyıq: “Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə yazışmalar aparılıb və Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi, eləcə də 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgisi çərçivəsində şirkətin nümayəndələri ilə birbaşa görüşəcəyimizə ümid edirik”.
Bu o deməkdir ki, Azərbaycanın qaz bazarı Rusiya istehsalçılarının diqqət mərkəzindədir.
“Xarici investisiyalar real sektorun, o cümlədən enerji sektorunun inkişafı baxımından əhəmiyyətlidir”
Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan bazarı xarici şirkətlər üçün cəlbedicidir: “Xüsusi olaraq qeyd edim ki, enerji bazarının bir sıra üstünlükləri var. Bu da xarici ölkələrin diqqətini cəlb edir. Son zamanlar Rusiya və digər ölkələrin mütəmadi olaraq məlum məsələ ilə bağlı maraqlarını ifadə etməsini müşahidə edirik. Azərbaycan xarici investisiyaların cəlb edilməsi istiqamətində fəaliyyətini genişləndirir, lazımi işlər görür. Enerji sahəsi ilə bağlı əməkdaşlıq üçün müraciət olunanda aidiyyəti qurumlar tərəfindən qiymətləndirilir. Ümumiyyətlə, xarici investisiyalar real sektorun, o cümlədən enerji sektorunun inkişafı baxımından əhəmiyyətlidir”.
Millət vəkili qeyd etdi ki, Azərbaycan öz milli maraqlarını nəzərə almaqla xarici şirkətlərlə əməkdaşlıq qurur. Həmin əməkdaşlıq birmənalı şəkildə milli maraqların qorunmasına xidmət edir: “Azərbaycan yalnız ticarət tərəfdaşı deyil, eyni zamanda Avropa şirkətləri üçün sərmayə qoyuluşu baxımından cəlbedici ölkələrdən biridir. Bu da, təbii ki, özünü Avropadan cəlb edilən investisiyanın həcmində göstərir”.
Günel CƏLİLOVA