Yaşlı əhalidə bank kreditlərinə kütləvi maraq yaranıb...

Əkrəm Həsənov: “Qeyri-rəsmi işdə çalışanlar kredit götürə bilmədiyi üçün valideynləri onların yerinə kredit götürür”
Son illər kredit götürənlər arasında yaşlı nəslin nümayəndələri üstünlük təşkil edir. Qeyd edək ki, əvvəllər yaşlı insanlar kredit götürməyə ehtiyatla yanaşar, bunu təhlükəli hesab edərdilər. Hətta banklar belə yaşlı nəslin nümayəndələrinə kredit vermirdilər, onları risqli kateqoriyaya aid hesab edirdilər.
Maraqlıdır, bank sistemində nə dəyişib ki, artıq yaşlı nəslin nümayəndələrinə kredit verilir? Ümumiyyətlə, yaşlı nəslin kreditə müraciəti niyə artıb?
“Yaşlı nəslin nümayəndələrinin əksəriyyəti işsizdir, aldıqları pensiya da onlara kifayət etmədiyi üçün kredit götürürlər”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, kreditə adətən ehtiyac üzündən müraciət olunur: "Danılmaz faktdır ki, qiymət artımı hər sahədə müşahidə olunur. Yaşlı nəslin nümayəndələrinin əksəriyyəti işsizdir, aldıqları pensiya da onlara kifayət etmir və onların da pula ehtiyacı var. Bu səbəbdən də yaşlı nəslin nümayəndələri arasında kreditə müraciət edənlərin sayı artıb”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, gənclərin bir qisminin işi qeyri-rəsmi olduğu üçün banklardan kredit götürə bilmir: “Pensiyaçıların kredit götürməsi təkcə onların şəxsi ehtiyacları ilə bağlı deyil. Qeyri-rəsmi işdə çalışanlar kredit götürə bilmədiyi üçün valideynləri onların yerinə kredit götürür. Nəticədə kreditin pensiyaçı tərəfindən alındığı görüntüsü yaranır. Əslində borcu götürən gənclərdir, sadəcə onların adından istifadə edilir”.
Ekspertin sözlərinə görə, ötən illərdən fərqli olaraq, banklar pensiyaçılara kredit verməkdə maraqlıdır: “Bankların öz maraqları var və təqaüdçülərin sabit gəliri mövcuddur. Təqaüdçülər aylıq ödəniş alırlar və bankla müqavilə bağladıqda, bank hər ay təqaüd ödənilən kimi, müqavilə şərtlərinə əsasən kreditlə bağlı ödənişləri həmin təqaüddən tutur. Bu səbəbdən bu proses banklara sərfəlidir. Banklar risqləri özləri qiymətləndirir”
Günel CƏLİLOVA