95-98 benzinlərin bahalaşması 92 ilə işləyən avtomobillərin “bəxtini açdı”...

Kamran Məmmədli: “Benzinin qiymətinin qalxması dizellə çalışan avtomobillərə və hibridlərə tələbatı daha çox artırıb”

img

Məlum olduğu kimi, ötən həftə Azərbaycanda “Aİ-95” premium və “Aİ-98” super markalı benzinlərin qiymətində yenidən dəyişiklik edildi .“Aİ-95” markalı benzinin qiyməti 1,60 AZN, “Aİ-98” markalı benzinin qiyməti isə 1,90 AZN həddində qərarlaşıb.

Qeyd edək ki, son qiymət dəyişikliyinə qədər respublikamıza xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin qiyməti 1,45 AZN, “Aİ-98” super markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi.

Məlumdur ki, Azərbaycanda ili nisbətən köhnə olan avtomobil sürənlər “Aİ-92” markalı benzindən istifadə edir. Təzə avtomobillərə isə adətən yüksək oktanlı hesab olunan “Aİ-95” və ya “Aİ-98” markalı benzin tökülür. Çünki hər bir avtomobilin texniki pasportunda onun üçün hansı növ yanacaqdan istifadə olunması qeyd edilir. Avropa ölkələrində 2014-cü ildən etibarən heç bir avtomobil aşağı oktanlı benzinlə istehsal edilmir. Həmin ölkələrdən gətirilən və son 6-7 ilin buraxılışı olan avtomobilləri sürənlər yüksək oktanlı benzinə üz tuturlar. Köhnə avtomobillərə isə ya yüksək oktanlı benzin tökmək məsləhət görülmür, ya da nisbətən ucuz qiymətə olan aşağı oktanlı benzin tökmək kifayət edir.

Yüksək oktanlı hesab olunan “Aİ-95” və ya “Aİ-98” markalı benzinin satış qiyməti qalxandan sonra artıq avtomobil bazarında vəziyyət dəyişib. Belə ki, Aİ-92 benzini ilə işləyən avtomobillərin qiyməti qalxıb. Qeyd olunan benzinlə işləyən maşınlara tələbat artdığından, həmin avtomobillərin satış qiyməti dəyişib.

  • “Aİ-95” və “Aİ-98” markalı benzinlərin qiymətinin qalxması ikinci əl avtomobillərin satışına təsir göstərib”

Iqtisadçı Kamran Məmmədli qeyd etdi ki, “Aİ-95” və “Aİ-98” markalı benzinin qiymətinin qalxması ikinci əl avtomobillərin satışına təsir göstərib: “Avtomobil almaq istəyən şəxs "Premium" markalı benzinin baha olması səbəbilə ya “Aİ-92” benzinlə işləyən, ya dizellə və ya sıxılmış qazla işləyən, ya da hibrid mühərrikli avtomobillərə və elektromobillərə üz tutur. Onu da nəzərə almaq lazımdır ki, köhnə avtomobillərin də ekoloji problemləri var. Hər halda, benzinin qalxması bahalı və yeni avtomobillərin dövriyyəsinə təsir edəcək. Qiymət dəyişikliyilə bəzi avtomobillərin qiymətində də dəyişikliyin ola bilməsi gözlənilirdi.

Onu da əlavə edim ki, əvvəllər benzinin bahalaşması avtomobil sektorunda vətəndaşların daha çox dizel mühərrikli avtomobillərə üstünlük verməsi ilə nəticələnirdi. Bu gün daha bir alternativ var. Benzinin qiymətinin qalxması dizellə çalışan avtomobillərə və hibridlərə tələbatı daha çox artırıb”.

Günel CƏLİLOVA

Son xəbərlər