Pandemiya, müharibə, dünya böhranı - Azərbaycanın valyuta ehtiyatı fantastik sürətlə artır...

Əli Əlirzayev: “Valyuta ehtiyatlarından səmərəli istifadə edilir”

img

Azərbaycanın strateji valyuta ehtiyatları 8 ayda 4,8 faiz (2,4 milyard dollar) artaraq 53,2 milyard dollar səviyyəsinə yüksəlib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, bu dövrdə Mərkəzi Bankın ehtiyatları 10,6 faiz artaraq 7 milyard dolları üstələyib.

O da qeyd edilir ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasında Beynəlxalq Valyuta Fondu tərəfindən SDR-in (Xüsusi Borcalma Hüququ) bölüşdürülməsi zamanı kvota çərçivəsində Azərbaycana ayrılan vəsaitin ölkə hesabına daxil olması əhəmiyyətli rol oynayıb.

Azərbaycanın valyuta ehtiyatlarının artması bir sıra məsələlərdən xəbər verir. Çünki baxmayaraq ki, pandemiya davam edir, ötən il müharibə ilə əlaqədar böyük vəsaitlər xərclənib, işğaldan azad edilən ərazilər bərpa olunur, neft hasilatı azalır, amma bütün bunlar valyuta ehtiyatlarımızı azalda bilməyib. Bütün bunlara rəğmən, Azərbaycanın strateji valyuta ehtiyatları rekord səviyyəyə çatıb.

O baxımdan belə bir iqtisadi üstünlüyün əldə olunmasını ekspertlər necə dəyərləndirir?

Məsələyə münasibət bildirən iqtisadçı alim, professor Əli Əlirzayev Azərbaycanın strateji valyuta ehtiyatlarının artmasını bir sıra amillərlə əlaqələndirdi: “Bunun müxtəlif səbəbləri var. Başlıca səbəbi onunla əlaqədardır ki, 2015-ci ildən sonra Azərbaycan valyuta vəsaitlərini ehtiyatla istifadə edir. Çünki neftin qiyməti dünya bazarında bəzən kəskin şəkildə ucuzlaşır. Bu isə çox ciddi iqtisadi çətinliklərə yol açır. Ona görə də vəsaitlərə qənaət edilir. Digər tərəfdən, o qədər də vacib olmayan böyük layihələrin icrası təxirə salınıb. Çünki belə layihələr böyük vəsait tələb edir, risq dərəcəsi böyük olur. Ona görə də 10 il əvvəl olduğu kimi hara gəldi vəsait qoyulmur. Bununla yanaşı, xarici ölkələrə Azərbaycandan sərmayə qoyuluşu azalıb. Pandemiya ilə əlaqədar bazar müəyyən qədər daralıb. Başqa bir tərəfdən, qeyri-neft sektorunun inkişafına diqqət artıb. Bu sektorun vergiyə cəlb olunması, kölgə iqtisadiyyatının azalması imkan verir ki, strateji valyuta ehtiyatlarımız azalmasın. Nəzərə almaq lazımdır ki, büdcədə neftin qiyməti aşağı rəqəmlərlə hesablanır. Son illər Azərbaycanın neft hasilatı azalsa da, qiymətlər yüksəkdir. Qiymətin yüksək olması strateji valyuta ehtiyatlarını artırmağa imkan verir. Üstəlik qaz satışından əldə edilən gəlirlər ged-gedə artır. Ona görə də valyuta ehtiyatları 53 milyard dolları ötüb”.

Professor onu da qeyd etdi ki, ölkədə qeyri-neft sektorunun inkişafına diqqət daha da artırılmalıdır.

Vidadi ORDAHALLI

Son xəbərlər