Məlum olduğu kimi, Nazirlər Kabineti “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” bu il 16 fevral tarixli 37 nömrəli qərarında dəyişiklik edib. Məqsəd dünya bazarında buğdanın qiymət artımlarının ölkə daxilində çörək və eləcə də un məmulatlarına təsirlərini minimallaşdırmaq məqsədi daşıyır.
Sənədə əsasən, istehsalçılar tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına verilən subsidiyanın hesablanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı həddi 520 manat müəyyənləşib. Un istehsalçısının, ölkədaxili xərclər daxil olmaqla, marjası bu qiymətin 25 faizi, yəni 130 manat müəyyən edilib.
Maraqlıdır, yeni qərar çörəyin qiymətinə necə təsir edəcək?
“Rusiya isə hər ton üçün qiymətdən əlavə 50 avro da ixrac rüsumu tələb edir, bu da təbii ki, qiymətlərin artmasına səbəb olur”
Iqtisadçı ekspert Natiq Cəfərli qeyd etdi ki, bu qərarın çörəyin qiymətinə heç bir təsiri olmayacaq: “İstehsalçılar üçün verilən subsidiyalar limitli olacaq, qiymət hər ton üçün 520 manatı keçsə, subsidiya verilməyəcək.
Qərarda hər tona 35 manat olan subsidiyaların fevral-may ayları üçün verildiyi, indi bu müddətin sentyabra qədər uzadıldığı qeyd edilir. Bildirilir ki, fevral-may aylarında tonuna 35 manat alanlar indi iyun-iyul-avqustda da bu pulu ala biləcəklər. Subsidiyalar artıq keçmiş aylara verilir, o ayların isə “unu ələnib, xəlbiri göydə oynayır”. Ölkə özünü buğda ilə təmin edə bilmir, xaricdən, əsasən də Rusiyadan asılıyıq. Rusiya isə hər ton üçün qiymətdən əlavə 50 avro da ixrac rüsumu tələb edir, yəni qiymət, məsələn, 100 avrodursa, 50 avro rüsum ödəyib, yol xərcini ödəyib taxıl alırsan, bu da təbii ki, qiymətlərin artmasına səbəb olur”.
Günel CƏLİLOVA