Dünyada buğdanın azacıq bahalaşması Azərbaycanda da bəzi narahat müzakirələr doğurub...

img

Son günlər dünyada buğdanın qiymətinin bahalaşması müşahidə edilir. Bu isə cəmiyyətdə un və un məmulatlarının bahalaşacağı barədə narahatlıqlar doğurur. Məlumdur ki, sentyabrın 15-dən etibarən Azərbaycanda bəzi çörək növlərinin qiyməti artıb.

Onu da qeyd edək ki, hazırda dünya ölkələrinin 80 faizinin buğdaya olan tələbatının idxaldan asılılığı və əksər istehsalçı ölkələrdə istehsal və ixracın azalması qlobal miqyasda ərzaq buğdasının istehlakında ciddi çətinlikləri meydana çıxarıb. Məlumat üçün deyək ki, qardaş Türkiyədə buğda ilə özünütəminetmə səviyyəsi təxminən 70 %, Azərbaycanda isə 58 % təşkil edir.

Maraqlıdır, buğdanın qiymətinin artırılması unun qiymətinin yüksəlməsinə səbəb olacaqmı?

  • “Neon” firması Arif Həsənov: “Azərbaycanda unun bahalaşması gözlənilmir”

Un istehsalçılarından olan “Neon” firmasının baş direktoru Arif Həsənov bildirdi ki, Azərbaycanda unun bahalaşması gözlənilmir: “Unun qiyməti qalxmayıb. Un istehsalı ilə bağlı dövlətin subsidiya ayırması gözlənilir, ona görə də unun qiymətinin qalxması ehtimalı yoxdur. Buğda bahalaşıb. Rusiyada və elə Azərbaycanda da yerli buğda çox bahadır. Unun bahalaşmasının qarşısını almaq üçün dövlət un istehsalını subsidiyalaşdırmağı planlaşdırıb. Dövlətin bu addımı unun bahalaşmasına mane olacaq. Un istehsalına subsidiya verilməlidir. İlin əvvəlində də dövlət un istehsalçılarına subsidiya vermişdi. Sadəcə, indi buğda hədsiz bahalaşıb. Ona görə də verilən subsidiyanın miqdarının çox olacağı gözlənilir. Bu isə unun qiymətinin qalxmasının qarşısını alacaq. Dövlət də bu addımı elə bunun üçün atır”.

  • Kamran Məmmədli: “Unun satış qiymətinin qalxmaması üçün dövlət un istehalına subsidiya ayırmalıdır”

Iqtisadçı Kamran Məmmədli bildirdi ki, dünya bazarında buğdanın, unun qiyməti qalxır. Azərbaycanda isə onu süni saxlamaq istəyirlər: “İlk növbədə marketlər bu işdə addım atmalıdırlar. Onlar çörək istehsalçılarından yerpulu almamalıdırlar. Nə əlavə olunursa, onu alsınlar. Unun satış qiymətinin qalxmaması üçün dövlət un istehsalına subsidiya ayırmalıdır. Subsidiya ayrılarsa unun satış qiyməti stabil qalar”.

Günel CƏLİLOVA

Son xəbərlər