Prezident sahibkarlar üçün icra başçılarından gələn daha bir təhlükədən danışdı…

Natiq Cəfərli: “Sahibkarlıq fəaliyyətinə mane olanlar qanun çərçivəsində sərt şəkildə cəzalandırılmalıdır”

img

Sentyabrın 14-də Prezident İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad, Rəşad Tağıyevi Şəmkir Rayon İcra hakimiyyətinin başçıları təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib. Prezident icra başçılarını qəbul edərkən bir sıra məsələlərə toxunub.

 

O cümlədən, bölgələrdə sahibkarların üzləşdiyi problemlər haqqında danışıb: “Sahibkarlara imkanlar verilməlidir ki, gəlsinlər öz vəsaitlərini qoysunlar, iş yerləri yaratsınlar. Ancaq iş görmək istəyən sahibkar bəzi hallarda problemlərlə üzləşir, ona qarşı hansısa əsassız tələblər qoyulur, ondan pay istənilir və sahibkar da küsüb gedir, ümumiyyətlə nə iş yeri yaradır, nə də müəssisə. Bu hallar da var. Buna da son qoyulmalıdır. Sahibkar əmin olmalıdır ki, ancaq dövlətin vergisini ödəməlidir, vəssalam”.

  • “Hər hansı bir qurumun nümayəndəsi tutduğu vəzifədən sui-istifadə edərsə, o şəxs qanun çərçivəsində yol verdiyi nöqsanın ağırlıq səviyyəsinə uyğun olaraq cəzalandırıla bilər”`

Bu sahədə yaşanan problemin necə həll olunması ilə bağlı fikir bildirən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, rayon icra başçıları artıq özlərini doğrultmur: “Yerli icra hakimiyyəti orqanları vətəndaşların narazılığına səbəb olsalar da, onların fəaiyyətində hər hansı bir inkişaf yoxdursa, bu sahədə yeni idarəetmə formalarının yaradılmasına ehtiyac var”.

Iqtisadçının sözlərinə görə, sahibkarlıq fəaliyyətinə mane olanlar qanun çərçivəsində sərt şəkildə cəzalandırılmalıdır: “Qanunverciliyə uyğun olaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar öz işlərini qurmalıdırlar. Onlar öz işlərini quran zaman müvafiq dövlət qurumları da sahibkarlıqla məşğul olmaq istəyənlərə və ya olanlara münasibətini qanunvericiliyin tələbinə uyğun şəkildə aparmalıdır. Hər hansı bir qurumun nümayəndəsi tutduğu vəzifədən sui-istifadə edərsə, o şəxs qanun çərçivəsində yol verdiyi nöqsanın ağırlıq səviyyəsinə uyğun olaraq cəzalandırıla bilər. Sahibkarların fəaliyyətinə mane olanlar hətta həbs oluna bilər”.

İqtisadçı-ekspert onu da əlavə etdi ki, inkişaf etmiş ölkələrdə bizneslə məşğul olmaq istəyənlərə hansısa məmur mane olursa, o şəxs qanunvericiliyin tələbinə uyğun şəkildə cəzalandırılır. Analoji qayda bizdə də tətbiq olunacaq.

Günel CƏLİLOVA

Son xəbərlər