İcra başçılarının ən yarıtmaz işlərindən biri yenidən gündəmdə - rayona xarici investisiya…

Eldəniz Əmirov: “İcra nümayəndələri xarici investorlara qarşı neytral mövqe sərgiləyərsə, o ərazilərdə investisiya mühiti ilə bağlı müsbət tendensiyalar müşahidə olunar”

img

“Siz çalışmalısınız ki, rayonlara investisiyalar cəlb edəsiniz, həm yerli, həm xarici. Burada da fəallıq göstərilməlidir. Çünki özəl investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz. Dövlət hər şeyi öz boynuna götürə bilməz”. Bu fikirləri Prezident İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad, Rəşad Tağıyevi Şəmkir Rayon İcra hakimiyyətlərinin başçıları təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Maraqlıdır, xaricdən bölgələrə investisiya cəlb olunması üçün icra başçıları nə kimi işlər görməlidir?

  • “Xarici sahibkarların regionlara investiya yatırması üçün lazım olan ilk şərt bölgələrdə infrastrukturun, biznes mühiti üçün əlverişli şəraitin yaradılmasıdır”

Iqtisadçı ekspert Eldəniz Əmirov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, xarici sahibkarların regionlara investiya yatırması üçün lazım olan ilk şərt bölgələrdə infrastrukturun biznes mühiti əlverişli şəraitin yaradılmasıdır: “Bölgələrdə infrastruktur biznes mühiti üçün əlverişli deyilsə, yerli icra hakimiyyəti orqanları ya daxili vəsaitləri hesabına, ya da digər layihələr hesabına regionlarda investisiyanın cəlb edilməsinə şərait yaratmalıdırlar. Investisiyaların cəlb olunması üçün lazımi infrastruktur sahələri mükəmməl şəkildə bərpa olunduqdan sonra xarici investorların cəlb olunması prosesinə start verilməlidir. Bunun üçün bir sıra layihələr həyata keçirilə bilər. Bölgələrdə müxtəlif formatda tədbirlər keçirməklə xarici investorların diqqətini cəlb etmək olar”.

Həmsöhbətimizin sözlərinə görə, hazırda qanunvericiliyin tələbləri də xarici investisiyaların cəlb edilməsi üçün qənaətbəxş sayıla bilər: “Bəllidir ki, regionlarda elə investisiya metodları var ki, onlara kifayət güzəşt tətbiq edilir”.

E.Əmirov onu da əlavə etdi ki, yerli icra hakimiyyəti orqanları tabeliyində olan ərazilərə xarici investisiyanın cəlb edilməsində tam bacarıqsızdırsa, heç olmasa neytral mövqedə qalmağı bacarmalıdır: “Neytral mövqe deyəndə, ərazidə iş görmək istəyən xarici investora əngəl törədilməməlidir. Ərazidə biznes qurmaq və ya təsərrüfat subyekti yaratmaq istəyən şəxsə heç bir maneçilik törədilməməlidir.  İcra nümayəndələri xarici investorlara qarşı neytral mövqe sərgiləyərsə, o ərazilərdə investisiya mühiti ilə bağlı müsbət tendensiyalar müşahidə olunar. Danılmaz faktdır ki, Azərbaycanın regionlarının böyük əksəriyyətində geniş biznes imkanları və fürsətləri var”.

Həmsöhbətimiz qeyd etdi ki, yerli icra nümayəndələri xarici investorlara dəstək olarsa, bu həmin bölgənin inkişaf etməsinə səbəb olacaq: “Ölkə başçısı dəfələrlə öz çıxışlarında qeyd edib ki, yerli icra hakimiyyətlərinin fəaliyyəti bölgələrdə yeni iş yerlərinin yaradılması, yatırılacaq investisiyaların həcminin artması ilə qiymətləndiriləcək”.

Günel CƏLİLOVA 

Son xəbərlər