Son günlər marketlərdə qiymət artımı müşahidə olunur. Pandemiya dövründə nəzərəçarpacaq dərəcədə hiss edilən bahalaşma əhali arasında haqlı narazılığa səbəb olub. Elə buna görə də məsələ sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.
Qiymət artımı daha çox ət məhsulları və yumurtada hiss olunur. Ət məhsulları və yumurtanın qiymətinin artmasının səbəbi kimi damazlıq quşların kütləvi şəkildə tələf olması və yemin bahalaşması qeyd olunur.
“Ət məhsulları və yumurtanın satış qiymətinin artmasının əsas səbəbi yemin bahalaşması ilə bağlıdır”
Qiymət artımının səbəbi ilə bağlı fikir bildirən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanda ərzaq qiymətləri indeksi çox sürətlə artır: “Açıqlanan rəsmi rəqəmlərə əsasən, ərzaq inflyasiyası 5 faizi keçib. Bu isə olduqca yüksək rəqəmdir. Qiymət artımının yeganə obyektiv səbəbi dünyada da ərzaq indeksi ilə bağlı bahalaşmanın müşahidə olunmasıdır. Pandemiya ilə bağlı olaraq yol xərclərinin artması da qiymət artımına öz təsirini göstərir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycanda isə qiymət artımının fərqli səbəbləri var: “Məlumat üçün bildirim ki, ölkəmizdə topdansatış bazarından marketlərə mal paylayan şirkətlərin sayı azdır. Şirkətlərin sayı az olduğu üçün rəqabətlilik müşahidə olunur. Danılmaz faktdır ki, rəqabətlilik mühiti qiymət artımına səbəb olan əsas amillərdən biridir. Son zamanlar bütün sahələrdə qeydə alınan qiymət artımının səbəblərindən biri də yemin bahalaşması ilə bağlıdır. Ət məhsulları və yumurtanın satış qiymətinin artmasının əsas səbəbi yemin bahalaşması ilə əlaqədardır. Yemin bahalaşması artıq ciddi problemə çevrilib. Əsasən regionlarda yaşayan fermerlər üçün yemin alışı ilə bağlı qiymət artımı əlavə xərcə səbəb olub. Məlumdur ki, dizel yanacağının qiymətinin artması da ərzaq məhsullarının satış qiymətinə təsir edir. Bu kimi amillər yerli istehsala mənfi təsir edir”.
Günel CƏLİLOVA