Hökumət rəsmiləri və digər səviyyələrdə çağırışlara rəğmən, banklar regionlara kredit verməmək siyasətini davam etdirir. Bank kreditləşməsinin əsas hissəsi yenə Bakının payına düşür. Azərbaycanda iqtisadi inkişafın regional fərqlənməsi, hər sahədə olduğu kimi, kreditləşmə səviyyəsində də kəskin fərqlərə gətirib çıxarır. Belə ki, ölkə üzrə kredit qoyuluşlarının 80 faizə qədəri Bakı və Abşeron yarımadasının payına düşməkdədir.
Mərkəzi Bankın məlumatına görə, 2019-cu ildə bankların Bakıda müştərilərin kreditləşdirilməsi üzrə portfeli ölkə üzrə portfelin 80,2 faizini təşkil etməklə 11 milyard 954,445 milyon manata bərabər olub. Bununla belə, 2020-ci ildə 14 milyard 246 milyon manatlıq kredit portfelinin 11 milyard 360 milyon manatı Bakının payına düşür. Bütövlükdə orta hesabla banklar hər 100 manatlıq kreditin 80 manatını Bakı şəhərinə ayırırlar. Müşahidələr onu göstərir ki, bankların kreditləri regionlardan əsirgəməsi bu il də davam edir. Praktiki olaraq, bu sahədə ciddi dəyişiklik yoxdur. Mərkəzi Bankın son məlumatına görə, Bank kreditləşməsinin 78,5 faizi Bakının payına düşür. Görünən odur ki, banklar regionlara kredit verməməkdə qərarlıdır.
“Dar çərçivə daxilində fəaliyyət göstərib, regionların kredit resursları ilə təmin olunmasına laqeyd yanaşırlar”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən iqtisadçı-ekspert Fuad İbrahimov bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Bunun başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycanda bank institutu hələ formalaşmayıb. Bizdə banklar lombard fəaliyyəti ilə məşğuldur. Konkret risqsiz qaytarılma dəhlizini özləri üçün müəyyənləşdiriblər. Girov, zamin duran tələb edir. İş yerindən arayış tələb edirlər, maaş kartı, maaşı bir növ girov kimi istifadə edirlər. Banklar bir çox hallarda kredit ayıran zaman paytaxtda girov tələb edirlər ki, əksər yerli sahibkarların bu cür imkanları olmur. Bizim bankların siyasəti bu cür bəsit yanaşma üzərində qurulub. Bu nöqteyi-nəzərdən də ölkədə banklar daha çox istehlak, avtomobil kreditləri verirlər. Yəni dar çərçivə daxilində fəaliyyət göstərib, regionların kredit resursları ilə təmin olunmasına laqeyd yanaşırlar. Nəticədə regionlar bundan itirir. Yerli sahibkarlar regionlara sərmayə qoya bilmir. Rayonlardan Bakıya miqrasiya dayanmır. Bir növ, bankların kredit siyasəti bulvarda hərəkət edən atların yerişinə bənzəyir. Çünki bulvarda atların gözünə xüsusi nişan taxırlar ki, yan tərəfə yox, ancaq irəli baxsınlar. Bankların dar çərçivədə apardıqları kredit siyasəti də məhz buna bənzəyir. Ölkə rəhbərliyi dəfələrlə banklara regionlara kredit ayırmaqla bağlı çağırış edib. Ancaq banklar bunu görməzdən gəlir. Fikrimcə, bazara investisiya banklarının daxil olma zamanı çoxdan çatıb. Bu gün bu, bilavasitə lazımdır. Çünki hazırkı banklar hər hansı risqli layihələrdə iştirak etmək istəmirlər. Bunların kapital qoymaq maraqları yoxdur. Başqa bir tərəfdən, xarici banklar ölkəyə dəvət olunmalıdır”.
İqtisadçı-ekspert hesab edir ki, rəqabət genişlənsə, banklar regionlara kredit verməkdə maraqlı olacaq.
Vidadi ORDAHALLI