Prezident İlham Əliyev “Ağdaş, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan, Oğuz və Şamaxı rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.
Sərəncamla Ağdaş, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan, Oğuz və Şamaxı rayonlarının əhalisi 38016 nəfər olan 20 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Məlumdur ki, bir çox rayonlarda su problemi yaşanırdı. Su probleminin həll olunması üçün subartezian quyusu qazılması bu sahədə yaşanan problemləri həll edəcək.
Qadir Bayramlı: “Subartezian quyularının qazılması bu sahədə yaşanan problemi həll edəcək”
Kənd təsərrüfatı mütəxəssisi, fəlsəfə elmləri doktoru Qadir Bayramlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ölkədə yaşanan su probleminin obyektiv və subyektiv səbəbləri var: “Obyektiv səbəb yayın çox quraq keçməsi ilə bağlıdır. Belə olan halda su səviyyəsi aşağı düşür, su ehtiyatı azalır. Subyektiv səbəb isə odur ki, əlimizdə olan su mənbələrindən səmərəli istifadə etmirik”.
Həmsöhbətimiz hesab edir ki, subartezian quyularının qazılması bu sahədə yaşanan problemi həll edəcək: “Məlumdur ki, subartezian quyularının potensialı müəyyən müddət kömək edə bilər”.
Ekspert suyun səmərəli istifadəsi ilə bağlı proqramın hazırlanmasını vacib sayır: “Su problemini həll etmək üçün dəniz suyunun şirinləşdirilməsi məsələsi gündəmə gələ bilər. Bununla yanaşı, suyun bölgələrdə istifadəsi üçün nəzarət tədbirləri gücləndirilməlidir. Danılmaz faktdır ki, inhisar olunmuş torpaqların su qaynaqlarını böyük şirkətlər istifadə edir. Ancaq orta və kiçik sahibkarlar su sarıdan çox əziyyət çəkir”.
Fikrət Yusifov: “Subartezian quyuları qazılmaqla həm əhali, həm də kənd təsərrüfatının su problemi həll olmuş olur”
Iqtisadçı ekspert Fikrət Yusifov bildirdi ki, su problemi uzun illərdir yaşanır: “Uzun illərdir ki, su çatışmayan ərazilərdə məlum problemin həll olunması üçün subartezian quyuları qazılır. Subartezian quyular vasitəsilə su çatışmayan ərazilərin su problem həll edilir. Subartezian quyuları qazılmaqla həm əhali, həm də kənd təsərrüfatının su problemi həll olmuş olur”.
Günel CƏLİLOVA