Sabun hazırlamaq deyəndə ilk olaraq ağlımıza “Bizim Cəbiş müəllim” filminin baş qəhrəmanı gəlir. Cəbiş müəllim özü sərbəst şəkildə sabun hazırlayırdı.
Ancaq bu gün sabun istehsalı ölkəmizdə yüksək səviyyədə deyil. Belə ki, sabun və digər yuyucu, gigiyenik vasitələr əsasən ölkəmizə idxal olunur.
Məlumdur ki, sabun üçün lazım olan xammalın böyük hissəsi ölkəmizdə var. Ancaq buna baxmayaraq, sabun istehsalı ölkəmizdə yüksək səviyyədə deyil. Daha çox idxala üstünlük verilir. Sabuna tələbatın yüksək olduğu nəzərə alınarsa, bu məhsulun ölkədə istehsal olunmasına niyə şərait yaradılmır?
Pərviz Heydərov: “İdxalın əlverişli olması yerli istehsal imkanlarını məhdudlaşdırır”
Iqtisadçı ekspert Pərviz Heydərov bizimlə söhbətində bildirdi ki, daxili bazarda tələbat yüksək olan məhsulların əksəriyyəti ölkəyə idxal olunur: “Bunun səbəbi isə yerli istehsalın baha başa gəlməsi ilə bağlıdır. Həmçinin, istehsal olunan məhsulların rəqabət qabiliyyətliliyi aşağı səviyyədədir. Daxili bazara idxal olunan məhsullar qiymət sarıdan daha əlverişlidir. Bu səbəbdən də sabun və digər idxal olunan məhsulların qiyməti yerli istehsalla müqayisədə daha sərfəlidir. Bu sahəyə diqqət ayırmaq lazımdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, idxalın əlverişli olması yerli istehsal imkanlarını məhdudlaşdırır.
Elşad Məmmədov: “İdxaldan asılılıq azaldılmalı, bazarda yerli məhsulların payı genişləndirilməlidir”
Iqtisadçı Elşad Məmmədov bildirdi ki, yerli istehsal məhsulunun lazımi səviyyədə olmaması da ixrac məhsullarının qiymətinə təsir etməlidir və edir. Onun fikrincə, idxaldan asılılıq azaldılmalı, bazarda yerli məhsulların payı genişləndirilməlidir: “Sabun üçün lazım olan xammalın böyük hissəsi ölkəmizdə var. Biz neft ölkəsiyik və bir çox məhsulların istehsalında xammal olaraq neft böyük rol oynayır. Amma bizdə hasil olunan neftin 80-90 faizi xammal şəklində ixraca gedir. Nefti emala yönləndirsək, kifayət qədər böyük həcmdə, böyük çeşiddə məhsullar istehsal oluna bilər. Həmin məhsullardan biri də sabun olar”.
Günel CƏLİLOVA