Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması qaydalarına dəyişiklik edilib. Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Dəyişikliyə görə, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək. Dəyişiklik ixrac yönümlü, istehsalda mühüm əhəmiyyət daşıyan məhsullara aid olacaq. Hər il üzrə həmin məhsulların siyahısı Aqrar Subsidiya Şurası tərəfindən müəyyən ediləcək.
Yeni qaydaya əsasən, sığortası olmayan fermerlər subsidiya ala bilməyəcək.
Qeyd edək ki, yeni Fərmanın əhatə etdiyi təsərrüfatların sayının ölkə üzrə ümumi fermerlərin və təsərrüfatların cəminin cüzi qismini təşkil etməsi nəzərdə tutulur. Ölkə üzrə orta rəqəmləri əsas götürsək, bir hektar taxıl sahəsinin sığorta haqqı regionlar üzrə əsasən 8-12 manat arasında dəyişir ki, bu da əkin subsidiyasının cüzi hissəsini təşkil edir. Başqa sözlə, bu yenilik fermer və aqrar təsərrüfatlara əlavə ciddi maliyyə öhdəliyi yaratmayacaq.
“Bu dəyişiklik ölkənin ərzaq təhükəsizliyində və ixrac yönümlü istehsalda mühüm əhəmiyyət daşıyan məhsullara aid olacaq”
Iqtisadçı ekspert Kamran Məmmədli bildirdi ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək: “Bu dəyişiklik ölkənin ərzaq təhükəsizliyində və ixrac yönümlü istehsalda mühüm əhəmiyyət daşıyan məhsullara aid olacaq. Həmçinin, bu dəyişiklik ölkədə sığorta mexanizminin inkişaf etdirilməsinə səbəb olacaq. Məlumdur ki, sığorta olmayan zaman sahibkarın məhsulu müəyyən səbəblərdən zay olanda, tərəflər bir-birini ittiham edirdi. Ancaq sığorta olandan sonra aqrar sahədə yaşanan problemlərə son qoyulacaq. Ümumiyyətlə, sığorta vacib şərtdir”.
Həmsöhbətimiz hesab edir ki, kiçik təsərrüfatların da sığortaya cəlb edilməsi vacibdir.
Günel CƏLİLOVA