Xaçmaz və Qubada çörək bahalaşıb. Bir neçə gün əvvəl bu haqda sosial şəbəkədə məlumat yayıldı. Qeyd edilirdi ki, mağazalarda çörəyin satış qiyməti 40 qəpik deyil, 50 qəpik olub. Satıcıların sözlərinə görə, əvvəllər 40 qəpiyə satdıqları çörəyin topdanalış qiyməti istehsalçı tərəfindən 45 qəpiyə qaldırılıb. Pərakəndə satış qiyməti isə 50 qəpik müəyyənləşdirilib
Qiymət artımının əsas səbəbi kimi çörəyin çəkisinin artması göstərilib.
Qeyd edək ki, Azərbaycanda çörəyin qiyməti liberaldır və bazar tərəfindən tənzimlənir.
“Çörəyin satış qiymətində artımı tək Quba və Xaçmazda deyil, yaxın müddət ərzində bütün ölkə ərazisində müşahidə edəcəyik”
Adıçəkilən bölgələrdə çörəyin qiymətinin qalxması barədə fikir bildirən iqtisadçı ekspert Natiq Cəfərli dedi ki, çörəyin qiyməti dövlət tərəfindən tənzimlənmir: “Çörəyin satış qiymətində maya dəyəri əsas rol oynayır. Son zamanlar dünya bazarında buğdanın satış qiymətinin qalxması, bütün növ məhsullara olduğu, kimi un məmulatlarının satış qiymətinə də təsir göstərir. Əslində, Azərbaycanda çörəyin çəkisinin azaldılması yolu ilə satış qiymətini sabit saxlamağa çalışırdılar. Ancaq son zamanlar bu da mümkün olmadı. Çünki çörəyin çəkisi 150-200 qrama qədər azaldılıb. Bu səbəbdən də çörəyin satış qiymətini qaldırırlar. Çörəyin satış qiymətində artımı tək Quba və Xaçmazda deyil, yaxın müddət ərzində bütün ölkə ərazisində müşahidə edəcəyik. Nəzərə almaq lazımdır ki, yerli buğda istehsalı bahalaşıb. Həmçinin, yerli buğda istehsalı daxili təlabatı ödəmir. Bunun üçün xaricdən buğda idxal olunur. Əsasən, Rusiya və Qazaxıstandan ölkəmizə buğda idxal olunur. Məlumdur ki, Rusiya buğdanın hər tonu üçün 50 avro ixrac rüsümu müəyyən edib. Təbii ki, bu kimi faktlar qiymət artımına təsir göstərir”.
Həmsöhbətimiz hesab edir ki, yaxın həftələrdə ölkə boyunca çörəyin satış qiymətinin artması baş verə bilər.
Günel CƏLİLOVA