Avqustun son valyuta hərraclarında banklar tərəfindən dollar alışının artması müşahidə edilib. Avqustun əvvəlində keçirilən hərraclarda dollara tələb 40 milyon olurdusa, son günlərdə tələb 75 milyon dollara çatıb. Bir neçə gün əvvəl keçirilən hərracda da tələb yüksək olub və banklar 76,3 milyon dollar alıb. Ümumilikdə, avqust ayı ərzində keçirilən valyuta hərraclarında 512,2 milyon dollar satılıb. Bu məbləğ iyula (461,6 milyon dollar) və iyuna (463,6 milyon dollar) nisbətən çox olub.
Valyuta hərraclarında dollar satışı Dövlət Neft Fondunun vəsaitlərinin dövlət büdcəsinə köçürülməsi məqsədilə həyata keçirilir. 2021-ci ilin planına görə, Fond hər ay orta hesabla 598 milyon dolları manata çevirməlidir.
Maraqlıdır, banklar tərəfindən dollar alışının artmasının səbəbi nə ilə bağlıdır?
“Azərbaycan dövləti, yaxud da hansısa iri sahibkarlar xaricdən lazımı avadanlıq alarkən də dollara ehtiyac yaranır”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bildirdi ki, bankların dollar alışını artırması müştərilərin ehtiyacı ilə bağlıdır: “Məlumat üçün bildirim ki, avqustda keçirilən valyuta hərraclarında banklar əvvəlki aylarla müqayisədə daha çox dollar alıb. Qeydə alınan artım elə də böyük rəqəmlərlə ölçülmür. Amma istisna deyil ki, hansısa iri bankın müştərilərinin xariclə bağladıqları müqavilələr üzrə ödənişləri var. Ona görə də onlar banklardan əvvəlki aylarla müqayisədə avqustda daha çox dollar alışı həyata keçiriblər. Onu da nəzərə almaq lazımdır ki, yay fəsli başa çatmaq üzrədir. Azərbaycan dövləti, yaxud da hansısa iri sahibkarlar xaricdən lazımı avadanlıq alarkən də dollara ehtiyac yaranır. Görünür, son zamanlar bu proses və ona müvafiq olaraq dollara tələb də artıb. Bunlar biznes baxımından tamamilə baş verə bilən proseslərdir. Amma dollar alışında böyük artımın olacağını düşünmürəm”.
Günel CƏLİLOVA