Məlum olduğu kimi, Prezident və birinci xanım avqustun 29-da Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan “Qarabağ” hotelinin açılışını ediblər. Həmçinin Şuşada “Hotel və Konfrans Mərkəzi”nin təməlqoyma mərasimində iştirak ediblər.
Qeyd etdiyimiz kimi, Şuşada “Qarabağ” hoteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açdı. Açılış mərasimində iştirak edən Prezident İlham Əliyev çıxışı zamanı qeyd edib ki, işğal dövründə “Qarabağ” hoteli nə gündə idi, onu biz işğaldan sonra görmüşdük: “Cəmi iki mərtəbəsi işləyirdi, nə su var idi, nə işıq var idi. Bərbad vəziyyətdə idi, dağılmış vəziyyətdə idi. O kadrlar var. O da bərpa edildi və hesab edirəm ki, bu tədbirlərin içində ən önəmlisi yeni yaşayış kompleksinin təməl daşının qoyulmasıdır. Yeni hotel beşulduzlu olacaq. Orada 150 otaq olacaq. Hazırda Şuşada “Qarabağ” və “Xarıbülbül” hotellərində 150 otaq mövcuddur, 300 otaq, böyük konfrans zalı və tədbirlər üçün yerlər olacaqdır. Beşulduzlu hotelin yeri də mənim tərəfimdən seçildi”.
Şuşa şəhərində inşa edilən infrastruktur ölkə turizminin inkişaf etməsinə səbəb olacaq. Şuşada “Qarabağ” və “Xarıbülbül” hotellərinin istifadəyə verilməsi isə daxili və gəlmə turizmin inkişafına öz töhfəsini verəcək.
“İstifadəyə verilən “Qarabağ” hoteli və təməli qoyulan“Otel və Konfrans Mərkəzi” Şuşa şəhərində daxili və gəlmə turizmin inkişafına xüsusi töhfə verəcək”
Millət vəkili Vüqar Bayramov bildirdi ki, Şuşa yenidən qurulur və əvvəlki tarixi və strateji mövqeyini möhkəmləndirməkdədir. Qürur mənbəyimiz Şuşa şəhəri uzun müddət Qarabağın əsas iqtisadi mərkəzlərindən hesab olunub: “Həm şəhər, həm də eyniadlı rayon sənaye, kənd təsərrüfatı və xüsusən emaledici sektorların inkişafı üzrə fərqənib. Ötən əsrin əvvəllərində Şuşada 1700-ə yaxın ticarət obyekti qeydə alınıb və bu da şəhərin hələ bir əsr öncə xüsusi iqtisadi potensiala malik olduğunu göstərir.
Turizm Şuşanın iqtisadiyyatında xüsusi yer tuturdu. Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Şəmilin bulağı, Cıdır düzü turizm baxımından xüsusi üstünlüyə malikdir. 1992-ci ilədək Turşsu istirahət və müalicə zonası fəaliyyət göstərirdi.
İstifadəyə verilən “Qarabağ” hoteli və təməli qoyulan “Otel və Konfrans Mərkəzi” Şuşa şəhərində daxili və gəlmə turizmin inkişafına xüsusi töhfə verəcək. Bu eyni zamanda ondan xəbər verir ki, yaxın zamanlarda Şuşada daha çox yerli və beynəlxalq tədbirlərin təşkili mümkün olacaq ki, bu da strateji baxımdan şəhərin əhəmiyyətini daha da gücləndirəcək. Şuşa yeni mərhələyə qədəm qoyur”.
Günel CƏLİLOVA