Bu ilin yanvar-iyul aylarında Azərbaycanın tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 446,3 milyon manat olub.
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,7 % çoxdur.
Açıqlanan statistik rəqəmlərdən də bəlli olur ki, tikinti materiallarının istehsalı artıb. Maraqlıdır, tikinti materiallarının istehsalının artımına səbəb nədir və bu proses tikinti bazarına necə təsir edəcək?
“Hazırda bəzi tikinti materiallarında 20 faiz, bəzilərində isə 100 faizlik qiymət artımı müşahidə olunmaqdadır”
Iqtisadçı Kamran Məmmədli bildirdi ki, pandemiya ilə əlaqədar olaraq bütün dünya ölkələrində istehsal tempi aşağı düşdü: “Hazırda postpandemiya dövrüdür və iqtisadi artım templəri qeydə alınır. İstehsalın artımı ilə yanaşı, tələbin də çoxalması müşahidə olunur. Məlumdur ki, işğaldan azad edilmiş ərazilərdə böyük tikinti-quruculuq işləri aparılır. Təbii olaraq formalaşan bu tələb istehsalın da artımına səbəb olan amillər sırasındadır”.
Həmsöhbətimizin sözlərinə görə, tikinti materialları bazarında qiymətlər 20 faiz və daha artıq bahalaşıb: “Hazırda bəzi tikinti materiallarında 20 faiz, bəzilərində isə 100 faizlik qiymət artımı müşahidə olunmaqdadır. Buna səbəb koronavirus pandemiyasının təsiridir. Ölkə sərhədlərinin bağlı olması, ölkəmizdə və digər ölkələrdə işçi saylarının azaldılması tikinti materiallarının istehsalının azaldılmasına səbəb oldu. Həmçinin sərhədlərin bağlı olması daşınmalarda da müəyyən problemlər yaratdı və daşınma xərclərini, demək olar ki, xeyli artırdı. Bu baxımdan, nəinki Azərbaycanda, dünyanın əksər ölkələrində tikinti materiallarının qiymətlərində artımlar müşahidə olunur”.
Ekspert hesab edir ki, hazırkı durumda tikinti materiallarının qiymətinin qalxması daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək və qiymət artımı tikinti xərclərinin də 30-40 faizə qədər artmasına gətirib çıxaracaq.
Günel CƏLİLOVA