Məlum olduğu kimi, Mərkəzi Bank pandemiya səbəbindən kredit ödənişində yubanmaları olanlara cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşməməsinə dair tövsiyə müddətini bu il oktyabrın 1-dək uzadıb.
Mərkəzi Bankın tövsiyəsinə əsasən, pandemiya təsirləri səbəbindən krediti ödəyə bilməyən vətəndaşlarımızın borcuna oktyabrın 1-dək cərimə faizi, dəbbə pulu və digər cərimələr hesablanmamalıdır. Eyni zamanda, həmin şəxslərin kredit tarixçəsi pisləşdirilməməlidir, yəni adları "qara siyahı" adlandırılan siyahıya daxil edilməməlidir.
Ancaq bu gün bunun əksinin şahidi oluruq. Belə ki, pandemiya ilə əlaqədar kredit ödənişini vaxtında etməyən şəxslərə banklar tərəfindən cərimə hesablanır. Hətta banklar kredit ödənişini gecikdirən şəxsləri məhkəməyə belə verirlər.
“İnsanlara pandemiya şəraitində problemli kreditlərə görə cərimə də hesablanır, məhkəməyə də verilir”
Məsələ ilə bağlı fikir bildirən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov qeyd etdi ki, bu gün bankların əksəriyyəti Mərkəzi Bankın tövsiyəsinə əhəmiyyət vermir. İnsanlara pandemiya şəraitində problemli kreditlərə görə cərimə də hesablanır, məhkəməyə də verilir: “Əslində problemli kreditlərlə bağlı məsələ tövsiyə xarakteri daşıdığından, bankların ona əməl etməsi məcburi deyil. İstəyən tövsiyəyə əməl edər, istəməyən etməz. Ortada hansısa qanun olmadığından bankları buna məcbur etmək olmaz”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, banklar özəl kommersiya qurumlarıdır və onların da öz borcları var: “Bir sıra ölkələrdə bu vəziyyətdə dövlət banklara kömək edir. Yəni onların ziyanını bağlayır ki, krediti olanları banklar pandemiya dövründə narahat etməsinlər. Burada söhbət təkcə fiziki şəxslərdən deyil, həm də sahibkarlardan gedir. Çünki pandemiya təkcə sadə vətəndaşlara deyil, həm də sahibkarlara ciddi təsir göstərib”.
Günel CƏLİLOVA