19 Avqust 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 60,5 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Məılumat üçün bildirək ki, 17 avqust 2021-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 45,3 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.
2021-ci ilin əvvəlindən bu yana keçirilmiş 59 valyuta hərracında banklara 3 milyard 517,52 milyon dollar satılıb.
Maraqlıdır, dollara tələb niyə artıb, manat üçün təhlükə varmı?
“İnvestorlar çalışırlar ki, qapanmalar olacağı təqdirdə əllərində olan aktivləri itirməsinlər, buna görə də…”
Iqtisadçı ekspert Kamran Məmmədli qeyd etdi ki, bankların özlərini sığortalamaq üçün dollara olan tələbatı artıb: “Ölkəmizdə iqtisadi fəallıq artacaqsa, dollara da tələb artacaq. Azərbaycan da məhdudiyyətləri aradan qaldırsa, karantin tədbirləri başa çatsa, dollara tələb artacaq. Mərkəzi Bank valyuta bazarında satış həcmi ilə bağlı məhdudiyyətlər qoyub. Bu məhdudiyyətlərin olması ajiotaja səbəb olur. Son zamanlar ümumiyyətlə banklarda dollar satışı çox axsayır. Bütün bu məhdudiyyətlər, çətinliklər şayiələrin və gözləntilərin də artmasına səbəb olur”.
Iqtisadçı onu da əlavə etdi ki, ötən ay dövriyyədə olan nağd pul kütləsinin həcmi 13 milyard 300 milyon manatdan 14 milyard 137 milyon manatadək artıb. Bu o deməkdir ki, dövriyyədə olan nağd pul kütləsinin həcmində manatın yükü artır, ABŞ dollarının yükü azalmağa başlayır: “İnvestorlar çalışırlar ki, qapanmalar olacağı təqdirdə əllərində olan aktivləri itirməsinlər. Buna görə də Mərkəzin Bankın keçirdiyi hərraclarda dollara olan tələbat artır. Qapanma olmasa belə, növbəti aylarda dollara tələbat davam edəcək”.
Günel CƏLİLOVA