Mərkəzi Bankın məlumatına görə, iyulun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği iyun ayı ərzində 199,8 milyon manat azalaraq 8 milyard 435,4 milyon manat təşkil edib.
Məlumat üçün bildirək ki, əmanətlərin 54,3 faizi milli, 45,7 faizi isə xarici valyutada qoyulub. İyul ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avro 2,01 (2,04) manata, 100 türk lirəsiə 19,76 (21,46) manata, 100 rus rublu 2,30 (2,29) manata bərabər olub.
“Həm pandemiya, həm də son 1 ildə 4 bankın bağlanması bank əmanətləinin həcminin azalmasına təsir etdi”
Açıqlanan statistik rəqəmlərdən də bəlli olur ki, banka yerləşdirilən əmanətlərin həcmi azalıb. Bank əmanətlərinin həcminin nə səbəbdən azalması barədə fikir bildirən iqtisadçı ekspert Kamran Məmmədli qeyd etdi ki, son bir ildə banka yerləşdirilən əmanətlərin həcmi azalıb, bunun da səbəbi anlaşılandır: “Həm pandemiya, həm də son 1 ildə 4 bankın bağlanması banka yerləşdirilən əmanətlərin həcminin azalmasına təsir etdi. Ümumiyyətlə, Bankların bağlanması insanların banklara olan inamının azalmasına təsir etdi.
Onu da əlavə edim ki, müddətli dollar əmanətləri üzrə bank faizlərinin enməsi depozitlərin həcminə təsir edir və insanlar devalvasiya risqləri səbəbindən milli valyutaya investisiya qoymaqdan qorxurlar, nəticədə nağd pulu özlərində saxlamağa üstünlük verirlər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, pandemiya ilə əlaqədar olaraq insanların gəliri azalıb. Bu səbəbdən də insanlar artıq pul yığa bilmirlər: “Bəzi hallarda yığdıqlarını xərcləməyə məcbur olurlar. Bu dəqiqə nəinki Azərbaycanda, bütün dünyada vəziyyət belədir. Dünyada insanların gəlirləri düşdüyü üçün yığım azalır. Böyük ehtimalla, gələn il də əmanətlər banklarda azalacaq. Dediyim kimi, ona görə yox ki, qorxacaqlar. İndi ola bilər ki, kimsə bəlkə də qorxacaq. Amma bütövlükdə insanlara pul lazımdır, bir qismi pullarını çıxaracaq”.
Günel CƏLİLOVA