2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan MDB ölkələrinə 1 milyard 192 milyon dollarlıq məhsul ixrac edilib. Ötən ilin müvafiq dövründə bu rəqəm 1 milyard 86 milyon dollar səviyyəsində olub. Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, ixracat artımı keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 9,7 faiz təşkil edib. Beləliklə, MDB ölkələrinin Azərbaycanın ümumi ixracatındakı payı 5,94 faizdən 9,13 faizədək artıb.
Azərbaycanla MDB ölkələri arasında xarici ticarət əməliyyatlarının həcmi 3,98 milyard dollar təşkil edib ki, bu da keçən ilin eyni dövrünə nisbətən 11 faiz azdır. MDB ölkələrinin Azərbaycana illik idxalatı 3 milyard 94 milyon dollardan 2 milyard 493 milyon dollara enib.
Hesabat dövründə Azərbaycanın MDB ölkələri ilə xarici ticarət dövriyyəsinin mənfi saldosu 1 milyard 301 milyon dollar təşkil edib. Ümumiyyətlə, 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 22,746 milyard dollar olub ki, bu da 2019-cu ilin eyni dövrünə nisbətən 25,8 faiz azdır. Xarici ticarət dövriyyəsinin illik balans nisbətində saldosu yüzdə 42.9 azalıb. Lakin 3.375 milyard ABŞ dolları səviyyəsində müsbət olaraq qalıb.
“Azərbaycanın qeyri-neft sektorunda dinamik inkişaf getdiyi üçün...”
Azərbaycanın MDB ölkələrinə məhsul ixracatının artmasının əhəmiyyəti haqqında danışan iqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, Azərbaycanın qeyri-neft sektorunda dinamik inkişaf getdiyi üçün MDB ölkələrinə ixrac azalmayıb: “Nəzərə almaq lazımdır ki, 2015-ci ildən sonra ölkə rəhbəri tərəfindən qeyri-neft sektorunun inkişafına dair bir sıra fərmanlar verildi, “Yol xəritələri” hazırlandı. Bu istiqamətdə kifayət qədər iş gedir. 2019-cu ildə ölkə iqtisadiyyatında yetərincə dinamik inkişaf var idi və bu inkişaf 2020-ci ildə də müşahidə edildi. Ancaq pandemiya müşahidə olunan inkişafa mənfi təsir etdi. Bütün dünya ölkələrində idxal-ixrac əməliyyatları azaldı. Yaşananlara baxmayaraq, Azərbaycanın qeyri-neft sektoru inkişafdadır. Bunun nəticəsidir ki, Azərbaycanın MDB dövlətlərinə ixracı artıb. Bu onun göstəricisidir ki, Azərbaycanın qeyri-neft sektorunda inkişaf dayanmayıb. Baxmayaraq ki, pandemiya gediş-gəlişə mənfi təsir edir, amma bizdə artım var. Yəni ölkənin qeyri-neft sektorunda dinamik inkişafla əlaqədar olaraq MDB ölkələrinə ixrac artır. Düşünürəm ki, postpandemiya dövründə artıq inkişaf daha geniş sferanı əhatə edəcək”.
Ekspertin fikrincə, Azərbaycanın inkişafı daha sürətlə gedəcək.
Günel CƏLİLOVA