Əsgər və zabitlərin kredit borcları ilə bağlı yeni qaydalar olacaq?

Alxan Xələfov: “Vətən müharibəsi iştirakçısı olan əsgər və zabitlərimizin ödənişlərinin ən azı 6 aylıq bir müddətə dondurulması çox yaxşı bir addım olardı”

img

Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi. Bu günlərdə bütün Azərbaycan cəmiyyəti ordumuzun dəstəklənməsi istiqamətində səfərbər oldu. Hər kəs əlindən gəldiyi qədər ordumuza dəstək verməyə çalışır. Həmin dəstəklərdən biri də cəbhədə döyüşən, yaxud şəhid, qazi olan insanların banklara olan borcunun silinməsidir.

 

Hər zaman həmrəy olan Azərbaycan xalqı şəhid ailələri, qazilər və səngərdə döyüşən əsgərlərimizə dəstəyini ifadə edib. Sevindirici haldır ki, artıq bu gün banklar ön cəbhədə vuruşan, şəhid olan hərbçilərimizin kredit borclarını silirlər.

 

Araşdırmalara görə, hazırda 20 min əsgər və zabitimizin kredit ödənişi var. Əsgər və zabitlərimizə dəstək olmaq üçün onların kredit ödənişinin 6 ay və ya bir müddətlik dayandırılması nəzərdə tutulur. Nəzərə almaq lazımdır ki, yaralı əsgərlər və ya döyüşdən qayıdacaq əsgər və zabitlər bir müddət işləyə bilməyəcəklər. Bu səbəbdən də onların kredit ödənişinin bir müddətlik dondurulması düzgün olar.

  • “Bankların kredit müqavilələrindəki 6-cı bənddə fors-major halları ilə bağlı qayda var, 45 günlük müharibə dövrü də…”

Marketinq və strateji planlama üzrə mütəxəssis Alxan Xələfov bildirdi ki, hazırda hərbi xidmətdə olan və Vətən müharibəsi iştirakçısı olan əsgər və zabitlərimizin ödənişlərinin ən azı 6 aylıq bir müddətə dondurulması çox yaxşı bir addım olardı: “Nəzərə alaq ki, əsgərlərimizin valideynləri, uşaqları və ailələri var. İndiki durumda əsgərlərin ailələrinin hər hansı maliyyə problemi onların gözlərinin arxada olması deməkdir. Banklar bu məsələni dərindən incələyərək, əsgərlərimizin 6 aylıq ödənişlərinin dondurulması və gecikmələrə görə hesablanmış faizlərin silinməsi ilə bağlı qərar qəbul edə bilərlər. Analizlərə görə, hazırda 20 min əsgər və zabitimizin kredit ödənişi var. Toplam məbləğ banklarımız üçün heç də böyük bir maliyyə problemi deyil. Onu da qeyd edim ki, bankların kredit müqavilələrindəki 6-cı bənddə fors-major halları ilə bağlı qayda var. 45 günlük müharibə dövrü də fors-major hala daxildir. Bu baxımdan qeyd olunan dövrdə kredit ödənişlərinin olmaması və gecikmə faizlərinin silinməsi halı tam hüquqi bir addım hesab oluna bilər. Bankların güzəşt tətbiq etməsi əhalimizin rəğbətini qazanmalarına da səbəb olacaq”.

Günel CƏLİLOVA

Son xəbərlər