Pandemiya dövründə əhalinin məşğulluğu məsələsi hər bir ölkənin iqtisadi inkişafının ən mühüm aspektlərindən biri olaraq qalır. Bütün ölkələrin hökumətləri işsizliyə qarşı bütün mümkün vasitələrlə mübarizə aparır, vətəndaşların gəlirlərini təmin etməyə çalışırlar. Ancaq bu məsələdə heç də bütün ölkələr uğur əldə edə bilmirlər.
Söhbət yeni iş yerlərinin yaradılmasından gedir. Bir sıra ölkələrdə bununla bağlı ciddi problemlər var. Əsas problem ondadır ki, yeni iş yerlərinin açılma səviyyəsi çox aşağıdır. Elə ölkələr var ki, orada yeni iş yerlərinin açılması yox səviyyəsindədir. Yəni o dərəcədə pandemiya mürəkkəb bir vəziyyət yaradıb.
Ancaq Azərbaycan bu baxımdan bir sıra ölkələrlə müqayisədə daha şanslı və yaxşı durumdadır. Bunu konkret statistik rəqəmlər də sübut edir. Çünki koronavirus pandemiyası üzündən yaranan çətinliklərə baxmayaraq, Azərbaycanda ilin birinci yarısında 84 mindən çox yeni iş yeri yaradılıb. Bu da indiki çətin vaxtda çox müsbət göstəricidir. O baxımdan ekspertlər bunun əhəmiyyətini necə dəyərləndirirlər?
“Bütün bunlar, bütövlükdə, ölkənin iqtisadi dayanıqlığının göstəricisidir”
Məsələyə münasibət bildirən millət vəkili Aydın Hüseynovun sözlərinə görə, yeni iş yerlərinin açılması məsələsində Azərbaycanın uğur əldə etməsi bir sıra faktorlardan irəli gəlir: “Pandemiya bir sıra ölkələrin iqtisadiyyatında çox ciddi gərginliklər yaradır. O üzdən, həmin ölkələrdə bunun sosial fəsadları özünü daha çox göstərir. Ancaq Azərbaycanda sözügedən elementlər yoxdur. Ona görə yoxdur ki, pandemiya vüsət almağa başlayanda ölkə başçısının tapşırığı ilə hökumət bir sıra proqramlar hazırladı. Həmin proqramlarda göstərilirdi ki, pandemiya iqtisadiyyatın daha çox hansı sahələrinə təsir göstərəcək. Ona görə də qabaqlayıcı tədbirlər çərçivəsində həmin sahələrə vəsait ayrıldı. Sahibkarların, qeyri-neft sektorunun dəstəklənməsi üçün vəsaitlər ayrıldı və digər tədbirlər həyata keçirildi. Sahibkarlara göstərilən dəstək və dövlətin bəzi layihələri yeni iş yerlərinin açılmasına təkan verir. Bununla belə, işləyən muzdlu işçilərin və eləcə də heç bir yerdə işləməyən vətəndaşların sosial problemlərinin həlli istiqamətində böyük addımlar atıldı. Ən başlıcası, sözügedən proseslər çərçivəsində heç bir sosial layihə təxirə salınmayıb. Belə ki, 600 mindən çox vətəndaşa maddi dəstək verilib, məcburi köçkünlərə mənzillərin tikilməsi davam etdirilir. Bütün bunlar, bütövlükdə, ölkənin iqtisadi dayanıqlığının göstəricisidir. Artıq postpandemiya dövrü üçün proqnozlaşdırılmış şəkildə tədbirlər həyata keçirilir”.
Millət vəkili hesab edir ki, yeni iş yerlərinin açılması ilə bağlı müsbət tendensiyalar davam edəcək.
Vidadi ORDAHALLI