Prezident İlham Əliyev “Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli, 995 nömrəli Fərmanının ləğv edilməsi barədə” Fərman imzalayıb.
Sənədə əsasən, Azərbaycan Respublikasının İqtisadi Şurası yaradılıb. Şuraya ölkədə makroiqtisadi sabitliyin qorunması və sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə qlobal və milli iqtisadiyyatda, o cümlədən, fiskal və monetar sektorlarda, həmçinin, maliyyə-bank sektorunda baş verən proseslər öyrənilməklə, cari və ortamüddətli dövr üçün iqtisadi siyasətin formalaşmasına, habelə ölkə iqtisadiyyatında yarana biləcək daxili və xarici təsirlərin qarşısının alınmasına yönəlmiş qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə həyata keçiriləcək islahatların və iqtisadi siyasətin istiqamətinin müəyyən edilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb. Şura fəaliyyəti barədə 6 ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
“İqtisadi Şuranın hazırlayacağı model xarici investorların Azərbaycana cəlb edilməsinə münbit şərait yaratmalıdır”
Maliyyə Sabitliyi Şurasının ləğv edilməsi onu yerində İqtisadi Şuranın yaradılmasının əhəmiyyəti haqqında danışan millət vəkili Rüfət Quliyev qeyd etdi ki, yeni yaradılan qurum Azərbaycan milli iqtisadiyyatının həm arxitekturasını, həm də trayektoriyasını dəyişəcək: “İqtisadi Şuranın yaradılması iqtisadi, maliyyə və sosial blokların birgə işləməsinə, ortaya çıxan məsələlərin çevik həllinə şərait yaradacaq. Məlumat üçün bildirim ki, ləğv edilən qurumun gücü və səlahiyyəti məhdud idi. Ancaq İqtisadi Şuranın tərkibi onun səlahiyyətlərinin olduqca geniş olacağından xəbər verir”.
R.Quliyevin sözlərinə görə, İqtisadi Şuranın hazırlayacağı model xarici investorların Azərbaycana cəlb edilməsinə münbit şərait yaratmalıdır.
Millət vəkili hesab edir ki, Azərbaycanda gedən islahatlar gündən-günə daha da dərinləşir və postpandemiya dövrünə uyğunlaşdırılır. Bu isə gələcəkdə milli iqtisadiyyatın xeyli güclənməsinə, iqtisadi və sosial rifah halının daha da yaxşılaşmasına imkan yaradacaq.
Günel CƏLİLOVA