Pandemiya dünya iqtisadiyyatına güclü zərbə vurduğuna görə gələn il də əksər ölkədə ümumdaxili məhsulun daha böyük həcmdə azalacağı proqnozlaşdırılır. Ancaq sözügedən ölkələrdən fərqli olaraq, 2021-ci ildə Azərbaycanda ÜDM-in vur-tut 3 faiz azalacağı proqnozlaşdırılır. Bu da bir sıra ölkələrlə müqayisədə çox kiçik rəqəmdir. Nəzərə almaq lazımdır ki, gələn il bir sıra ölkələrdə ÜDM-in 8-15 faiz azalacağı proqnozlaşdırılır.
Azərbaycan İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 3 ssenari üzrə (neftin qiyməti 35 dollar, 40 dollar və 45 dollar) proqnozlara əsasən, 2020-ci ilin sonunda ÜDM istehsalının azalması gözlənir. Həmin proqnozlara görə, neftin qiyməti 35 dollar olarsa, bu il ölkədə ÜDM istehsalı 4,3% azalacaq. Neftin qiyməti 40 dollar götürüldüyü ssenaridə 2020-ci ildə ÜDM real ifadədə 3,7% az olmaqla 70,9 mlrd. manat, o cümlədən, qeyri-neft ÜDM-i 2,9% az olmaqla 50,4 mlrd. manat həcmində proqnozlaşdırılır. Neftin qiyməti 45 dollar olarsa, ÜDM istehsalının bu il 2,9% azalacağı gözlənir. Gələn il üçün isə ÜDM-in artım tempi ssenarilərinə müvafiq olaraq, 3%, 3,4%, 3,8% artacağı proqnozlaşdırılır.
Bütün hallarda, bir sıra ölkələrlə müqayisədə gələn il Azərbaycanda ÜDM-in daha az azalacağını ekspertlər necə dəyərləndirirlər?
“Bunun nəticəsidir ki, pandemiya ölkə iqtisadiyyatına ağır zərbə vura bilmir, ÜDM-in azalma səviyyəsi aşağıdır”
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimov Azərbaycanda ÜDM-in elə də böyük azalmamasını bir sıra amillərlə əlaqələndirdi: “Böhran şəraitində ÜDM-in azalması gözləniləndir. Koronavirus pandemiyası da dünya səviyyəli bir bəladır. Bir sıra parametrlər əsas götürülərək bu qənaətə gəlinib ki, dünya ölkələrində ÜDM azalacaq. Azərbaycanda ÜDM azalması nəyə görə böyük olmayacaq? Məsələ ondadır ki, pandemiya dövründə hökumət bircə dəqiqə olsun boş dayanmadı. İstər monitar, istərsə də fiskal siyasətdə maksimal addımlar atıldı ki, pandemiyanın vura biləcəyi ziyan böyük olmasın. Nəticədə müxtəlif elastik buferlər yarandı. Hökumət sözügedən istiqamətdə tədbirləri ardıcıl və institusional şəkildə atır. İkincisi, Azərbaycan iqtisadiyyatı 2015-ci ildə böhran dövrünü keçdikdən sonra bir sıra tədbirlər görüldü. Yol xəritələri hazırlandı və s. Nəticədə 2019-cu ildə Azərbaycanda dinamik inkişaf müşahidə olundu. Bunun nəticəsidir ki, pandemiya ölkə iqtisadiyyatına ağır zərbə vura bilmir, ÜDM-in azalma səviyyəsi aşağıdır. Bu səbəbdən iqtisadiyyatımız çox itkiyə məruz qalmır”.
İqtisadçının fikrincə, postpandemiya dövründə bərpa prosesinin Azərbaycanda sürətli keçəcəyi gözlənir.
Vidadi ORDAHALLI