Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsi məqsədilə beşillik strategiya hazırlanır. Layihə çərçivəsində 2 regionda – Gəncə-Qazax və Quba-Xaçmaz regionlarında pilot aqrar məsləhət xidmətləri modelləri də tətbiq edilərək hökumətə tövsiyə olunacaq.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin proqram rəhbəri Rayner Freund bildirib ki, layihə çərçivəsində işlənəcək pilot aqrar xidmətləri modelləri gələcəkdə ölkədə qurulacaq modellərin necə olacağını göstərəcək.
BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak aqrar məsləhət xidmətləri ilə bağlı qanun layihəsinin hazırlandığını diqqətə çatdırıb: “Biz çalışmalıyıq ki, aqrar məsləhət xidmətlərinin icrası ilə bağlı tövsiyələrimiz qanunvericilik çərçivəsində öz əksini tapsın”.
Qeyd edək ki, Layihənin İdarə Heyətinin iclasında 2 pilot regionda və hədəf regionu kimi seçilmiş Lənkəran iqtisadi rayonunda 700 nəfərdən artıq fermer arasında aqrar məsləhət xidmətləri barədə götürülmüş sorğunun nəticələri müzakirə olunub. Bildirilib ki, inkişaf etmiş ölkələrin aqrar məsləhət xidməti modelləri pilot olaraq seçildikdə bu sorğuların nəticələrinə uyğun olaraq lokallaşdırılacaq.
Mütəxəssislərin fikrincə, aqrar məsləhət xidməti kənd təsərrüfatı sektorunun inkişafına müsbət təsir edən amildir.
“Azərbaycanda aqrar məsləhət xidməti göstərənlər arasında əlaqənin qurulması…”
Aqrar Elm və İnnovasiya Mərkəzinin İctimai informasiya və beynəlxalq əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Yaqub Quliyev layihənin yerli şəraitə uyğun bir sistem əsasında yaradılmasının vacib olduğunu bildirdi: “Ən vacib məsələlərdən biri Azərbaycanda aqrar məsləhət xidməti göstərənlər arasında əlaqə qurulmasıdır. Bu da səmərəli aqrar məsləhət xidmətini təmin edəcək”.
Günel CƏLİLOVA