Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanın etimadnaməsini qəbul edib.
Görüş zamanı bir sıra məsələlər haqqında fikir mübadiləsi aparılıb. O cümlədən, qeyd edilib ki, yapon maliyyə institutlarının dəstəyilə ölkəmizdə bir sıra sosial layihələr icra edilib.
Prezident İlham Əliyev səfir Cuniçi Vadanla görüş zamanı bunları deyib: “Müxtəlif layihələrə maliyyə dəstəyi göstərdiyinizə görə sizə minnətdarıq. Yapon banklarının və maliyyə institutlarının maliyyə dəstəyilə biz enerji infrastrukturumuzun iki mühüm layihəsini icra etdik - iki elektrik stansiyası, sınaq stansiyaları, “Şimal-1” və Şimal-2”. Ümumi gücü 800 meqavata yaxındır. Əlbəttə ki, bu, bizim enerji təhlükəsizliyimizə böyük töhfədir. Biz yapon şirkətlərinin burada çalışdığına şadıq və həmçinin, müxtəlif sosial layihələrə göstərdiyiniz könüllü dəstəyinizə görə sizə təşəkkürümüzü bildirmək istəyirik. Bu layihələr təhsil, infrastruktur, müxtəlif kəndlərdə su təchizatı ilə bağlıdır”.
Yaponiyanın Azərbaycan iqtisadiyyatı və sosial sferasında fəaliyyətinin hansı perspektivləri var?
“Yaponiya səfirliyinin xətti ilə sosial layihələr icra edilib”
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, yapon maliyyə institutlarının maliyyə dəstəyilə ölkəmizdə bir sıra sosial layihələr icra edilib: “Yaponiya maliyyə institutlarının irəli sürdüyü şərtlər daha sərfəlidir. Çünki adıçəkilən ölkə uzunmüddətli şərtlər əsasında kredit verir. Bundan başqa, Yaponiya səfirliyinin xətti ilə sosial layihələr icra edilib. Məktəb tikintisi, su quyularının qazılması, kəndlərdə aqrar sahədə fəaliyyət göstərən fermerlərə müxtəlif istiqamətdə dəstək göstərilib. Ümumiyyətlə, sosial layihələrdə Yaponiya dövləti aktiv iştirak edir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, qarşıdakı illər ərzində Yaponiyanın Azərbaycana marağı artacaq: “Danılmaz faktdır ki, hazırda energetika şirkətlərinin özəlləşdirilməsi gündəmdədir. Gələcəkdə bu hal real olarsa, Yaponiya Azərbaycanın elektrik energetika şirkətlərini özəlləşdirməkdə maraqlı olar”.
Günel CƏLİLOVA