Yunanıstanda klub prezidentinin silahla meydana girməsindən sonra ölkə çempionatı yarımçıq dayandırılıb. Baki-xeber.com xəbər verir ki, FİFA məsələ ilə bağlı Yunanıstana nümayəndə göndərib.
Superliqanın 25-ci turunda baş tutan PAOK - AEK qarşılaşmasında görüşün baş hakimi PAOK-un 90-cı dəqiqədə vurduğu qolu qeydə almayıb. Bundan PAOK klubunun prezidenti rusiyalı işadamı İvan Savvidi meydana daxil olub. Onun üzərində tapança da olub. Daha sonra isə azarkeşlər meydana axışıb. Buna görə də qarşılaşmanın baş hakimi oyunu yarımçıq dayandırıb.
Klub prezidentinin hərəkəti UEFA və FİFA-da şok effekti yaradıb. FİFA lazımi tədbirlər görülməyəcəyi halda Yunan Futbol Federasiyasının FIFA üzvlüyünün dayandırılacağına dair xəbərdarlıq edib.
PAOK klubunun sahibi İvan Savvidinin mətbuat xidməti isə rusiyalı iş adamının Yunanıstan çempionatının XXV turunda AEK-lə görüş zamanı meydana silahla daxil olması ilə bağlı yaydığı bəyanatda İ.Savvidinin heç kimi təhdid etmədiyini bildirib. Eyni zamanda klubun sahibinin silah gəzdirmək üçün icazəsinin olduğu vurğulanıb: “İvan İqnatyeviç heç kimi silahla təhdid etməyib. Mətbuata yer alan təxribat xarakterli başlıqlar həqiqəti əks etdirmir. Bəli, o, meydana qaçıb və üzərində tapança olub. Bunu inkar etməyin mənası yoxdur. Onun silah gəzdirməsi üçün rəsmi icazəsi var. Yunanıstanda buna icazə verilir. Savvidi bununla bağlı tələb olunan sənədlərə malikdir. PAOK hazırda üst pillədə qərarlaşıb və çempion olmaq üçün böyük şansı var. Bu səbəbdən, kluba qarşı təxribat aparılır. Bəli, Savvidi emosional davranıb”.